Showing posts with label PRAKTİKİ MƏSLƏHƏTLƏR. Show all posts
Showing posts with label PRAKTİKİ MƏSLƏHƏTLƏR. Show all posts

Friday, September 30, 2016

İRSİYYƏT


İrsiyyət və onun insan təbiyəsinə təsiri həmişə mürəkkəb və dolaşıq problem olmuşdur. Bunu bir sıra nəşrlərdən də görmək mümkündür. Kitablarda müəlliflər bu və ya digər əlamətlərin irsən verilməsinin səbəb və qanunauyğunluqları haqqında bir-birinə əks nöqteyi-nəzərlər söyləyirlər. Bu qısa başlıqda nə Charles Darwin, Hugo De Vries, Herbert Spencer, Hans Fischer kimi mütəfəkkirlərin nəzəriyyələrini şərh etmək, nə də irsiyyət haqda Mendel təliminin qanunlarından danışmaq mümkündür. Bununla belə valideynlər irsiyyətin tərbiyəyə təsiri ilə yaxından tanış olmalı, uşaqlar qarşısında məsuliyyətlərinin dərəcəsini yaxşı anlamalı və aşkarda olanı inkar etməməlidirlər.
1. Valideynlərin fiziki və əqli pozulmaları, həmçinin ananın hamiləlik dövründə keçirdiyi qıcolmalar dölün ana bətnində inkişafına mənfi təsir göstərir.
2. Həyəcan, qəzəb, qorxu və təlaş halında insan qanının tərkibi dəyişir. Ananın qanı dölün qıdalandığı yeganə mənbədir. Bu o deməkdir ki, ana olmağa hazırlaşan qadının sakit və tarazlaşdırılmış həyatı gələcək uşağın fizki və əqli qabiliyyətlərinin inkişafına müsbət təsir göstərir. Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, dölün inkişafına təkcə rejim və qida rasionu deyil, ananın üstünlük verdiyi istirahət tipinin də təsiri vardır.
Toksiki maddələrlə zəhərlənmə və alkoqollu içkilərə aludəçilik, şübhəsiz ki, nəslin sağlamlığına mənfi təsir göstərir. Valideynləri daim alkoqollu içkilər qəbul edən uşaqlar antisosial davranışlara meyllidirlər və onların mərkəzi sinir sistemində ciddi pozuntular yaranır ki, bu da əqli inkişafın ləngiməsinə gətirib çıxarır.
4. Qan qohumluğu olan valideynlərin dünyaya gətirdiyi uşaqlarda çox vaxt fiziki və əqli qüsurlar müşahidə edilir.
5.Valideynlərin xarakterində üstünlük təşkil edən sabit cəhətlər, onların xüsusiyyətləri uşaqlara keçir; bu, o demək deyil ki, onlar dərhal üzə çıxırlar. Onlar tədricən, həyatın müxtəlif mərhələlərində, xüsusən də yetkinlik yaşlarında özünü göstərməyə başlayırlar. Əqli və fizki pozulmalar da həmçinin uşaqlıq dövrü ərzində gizli halda qalır və yalnız sonrakı yaş dövrlərində özünü göstərir.
6. Əgər uşaqlar hətta valideynlərinin həmin istedad və qabiliyytələrini göstərə bilməsələr də, fərqi yoxdur, onlar ümumi qanunauyğunluğa tabedirlər. Tanınmış alim və ya ixtiraçının övladı, həmin sahənin adamı olmasa da, məsələn, yazıçı, dövlət xadimi və ya iş adamı ola bilər.
Beləliklə, valideynlərin həm yaxşı, həm də pis keyfiyyətləri, məziyyətləri və qüsurları uşaqların tərbiyəsinə böyük təsir göstərir. Ona görə də valideynlər öz hərəkət və davranışlarına daim diqqət yetirməlidirlər. Onlar çox şeyin onların özlərindən asılı olmasına şübhə etməməlidirlər və onlar istəsələr uşaqlarını ya xoşbəxt və sağlam edər, ya da onları kədər və alçalmaya məhkum edə bilərlər.
Jan Jak Russonun “Emile və ya tərbiyə haqqında” kitabında deyilir:
Allah hər şeyi yaxşı yaratmışdır,
İnsan əlində hər şey korlanır.
Bu sözlərdə həqiqət vardır, çünki insan xeyirxah məxluq kimi yaradılmışdır və mühakimə etmək, yaxşını pisdən ayırmaq qabiliyyəti ona əzəldən xasdır. Daxili gözü onun nəzərlərini ona görə işıqlandırır ki, o öz mahiyyətini saxlamaqla həqiqi tərbiyəçilərin öyüd-nəsihətlərinə biganə yanaşmasın, xeyirlə şəri bir-birindən ayıra bilsin. Allahın verdiyi sağlam düşüncəni və əqli itirməsə, o, rəzalət, tərslik və yalandan canını qurtaracaqdır. Yox, əgər o Allahın bu bəxşişlərinə etinadsızlıq göstərərsə, hissi həzzlərin arxasınca gedərsə, onda, şübhəsiz ki, həm özünün, həm də uşaqlarının xoşbəxtliyinin dayaqlarını uçurmuş olacaq, onların ehtiramını itirəcəkdir. Öz valideynlərinin qüsurlarını mənimsəmiş uşaqlara təlim-tərbiyə vermək hətta ən təcrübəli pedaqoq üçün belə mümkünsüz bir işdir.
Zamanı geriyə döndərmək bizim imkanımız xaricindədir və biz əcdadlarımızın buraxdıqları səhvləri düzəltmək qüdrətində deyilik. Lakin biz bugünki və gələcək problemləri həll edə, gələcək nəsili fiziki cəhətdən sağlam və mənəvi cəhətdən kamil tərbiyə edə bilərik.
Gəlin tanınmış pedaqoqların məsləhət və təcrübəsinə qulaq asaq və onlar tərəfindən insanın təlim-tərbiyəsi ilə bağlı elmin hər tərəfli öyrənilməsi nəticəsində əldə edilmiş biliklərə diqqət yetirək.
1. Cinsi yetişkənlik dövrünə çatmış oğlanlar və qızlar, dərk etməlidirlər ki, onlar gələcəyin valideynləri, öz uşaqlarının tərbiyəçiləridirlər. Ona görə də onlar hər bir şeydə mötədilliyi gözləməli, özlərini mütərəqqi və yaradıcı düşünən insanlar kimi aparmağa çalışmalıdırlar. Onlar pak və xeyirxah əməllər və bəyənilmiş əxlaq yolundan kənara çıxmamalıdırlar. Hər zaman xatırlamalıdırlar ki, onların borcu – cəmiyyətə aydın düşüncəli və sağlam bədənli nəsil verməkdir. Bundan bir qədər sapma, şübhəsiz ki, onların övladları üçün acınacaqlı nəticələrə gətirib çıxaracaqdır.
2. Gələcək valideynlərin tərbiyəsinə erkən yaşlarından başlanılmalıdır.Gənclər nigaha girməyə hazırlaşanda, onlar bilməlidirlər ki, nigahın əsas məqsədlərindən biri - nəslin artırılmasıdır. Bu səbəbdən də, öz düşüncələrini bu məcraya yönəltməklə, onlar ağıllarını və bədənlərini möhkəmlətməli, öz həyatlarını elə qurmalıdırlar ki, bu məqsədə itkisiz və acı səhvsiz çatsınlar. Ailədə dəyərli qonaq peyda olanda isə o mehribanlıqla qarşılanmalı və ona qulluq ediməli, o, bütün qəlblə sevilməli, hər cür təhlükədən qorunmalıdır.
3. Ərlər hamilə arvadlarına hər tərəfli qayğı göstərməli, onlara həkimlərin məsləhət və tövsiyələrinə uyğun olaraq rahatlıq üçün əlverişli şərait yaratmalıdırlar. Hamilə qadınlara düzgün qidalanmaya daha çox diqqət yetirmək, özündə müsbət emosiyalar yaratmağa səy göstərmək, daxilən sakit olmaq, mütəxəssislərin məsləhətlərinə qulaq asmaq tövsiyə olunur.
4. Valideynlər alkoqollu içkilərdən və siqaretdən çəkinməlidirlər, çünki bu vərdişlər həm onların özlərinə, həm də gələcək övladlarının sağlamılığına mənfi təsir göstərir.
5. Yaxın qohumlar arasında nigah yolverilməzdir, çünki bu cür nigahlardan əsəb sistemi pozulmuş və digər qüsurları olan uşaqlar dünyaya gəlir.
Əgər valideylər ciddi-cəhdlə bu tövsiyələrə əməl etsələr, onlar uşaqlarının təlim-tərbiyəsi prosesini xeyli yüngülləşdirə bilərlər. Uşaqlar isə qısa müddət ərzində tədqirəlayiq keyfiyyətlər əldə edər, özlərini lazımi qaydada aparmağı öyrənərlər.

ƏSƏBİ UŞAQLAR


Əksər atalar və analar düşünürlər ki, uşaqlarda hər şeydən qıcıqlanma və əsəbləşmə valideynlərdən uşaqlara irsən keçən anadan gəlmə xüsusiyyətdir. Bu baxışın bir qədər əsası olsa da, əksər hallarda bu cür yanaşma səhvdir. Çox vaxt nevroz əlamətləri ilə seçilən valideynlər dünyaya tamamilə sağlam övladlar gətirirlər; lakin sonralar bu sağlam, sakit və təmkinli uşaqlar ailə konfiliklərinin, ailələrindəki disharmoniyanın, valideynlərinin gündəlik emosional vəziyyətlərinin təsiri altında əsəbi və hər şeydən özündən çıxan olurlar.
Əsəbi uşaqlar tez qıcıqlanandırlar və onları özlərindən çıxarmaqdan ötrü elə böyük səy tələb olunmur. Bu cür uşaqlar gecə ərzində bir neçə dəfə yuxudan oyanır, qışqırır və ağlamağa başlayırlar, sanki nədənsə qorxurlar. Bu zaman onları sakitləşdirmək olduqca çətin olur. Dostları ilə oyun zamanı hər kiçik şeydən ötrü tez-tez əsəbləşir, dalaşır və belə təsəvvür yaranır ki, onların əlləri, ayaqları və hətta dilləri belə dayanmadan hərəkətdədir. Bir işi qurtarmamış başqasından yapışır, yorğunluq üstün gələndə hövsələdən çıxırlar.
Əsəbi uşaqların istedadlı, ağıllı və qabiliyyətli olması nadir hadisə deyildir. Lakin problem ondan ibarətdir ki, həddindən artıq hərəkətlilik, emosional özündən çıxmalar onlara öz enerjilərini lazımi məcraya yönəltməyə imkan vermir.
Bu tip davranışın səbəbi nədir? Nevrotik reaksiyalar əksər hallarda anadan gəlmə deyildir, onlar sosial amillərin təsiri altında yaranırlar və ilk növbədə tərbiyə şəraitindən asılı olur. Əgər ailədə uzun əlverişsiz şərait hökm sürürsə, valideynlər yola getmir və uşağın yanında höcətləşirlərsə, bu konfiliktli vəziyyət onun psixikasını zədələyir, nevrozun yaranmasına gətirib çıxarır.
Əsəbi uşaqlar partlayıcı qaytağına bənzəyirlər.Valideynlərin kobud davranışını isə bu qaytağa od vuran kibritə bənzətmək olar. Süngər suyu özünə çəkdiyi kimi, uşaqlar da gördükləri və eşitdikləri hər bir şeyi özlərinə çəkirlər. Ona görə də soyuqluq və kobud davranış onların əsəb sistemini sarsıdır. Əgər başları mübahisəyə qarışmış ata və ana öz zavallı uşaqlarına bir an dayanıb nəzər sala bilsəydilər, onun solğun və pərişan olduğunu görər və onun daxili gərginliyinin dərəcəsini qiymətləndirərdilər. Ailə qalmaqalları uşaqların sinir sistemində öz güclü təsirini qoyur.
Aşağıda biz uşaqlarda əsəb pozulmalarının qarşısını almaqdan ötrü bəzi tövsiyələrimizi veririk:
1. Valideynlər, dostlar və qohumlar arasında baş verə biləcək xoşagəlməz münaqişələrdə uşaqların iştirakına yol verilməməlidir.
2. Valideynlərin uşaqlarla bir otaqda yatması məsləhət görülmür, çünki bu onların sağlamlığı üçün zərərlidir. İmkan olan halda uşaqların yataq otağı valideynlərinkindan ayrı olmalıdır. Bunun vacibliyi hamıya məlumdur və əlavə izahata ehtiyac yoxdur.
3. Biz uşağı ətrafında gördüyü və eşitdiyi hər bir şeyi özünə çəkən süngərə bənzətdik, lakin bu analogiya o zaman yararsız hesab olunur ki, uşaq böyüklərin etdiyi və danışdığı hər şeyi təkrarlamağa həddən artıq səy göstərir. Uşaqların daim üsniyyətdə olduğu adamlar tez-tez dalaşır və ya mübahisə edirlərsə, onları təkrarlamağa çalışan anadan möhkəm və sağlam doğulmuş uşaq özünü əsəb pozğunluğu həddinə çatdıra bilər. Bu cür qeyri-normal hallar tədricən möhkəmlənəcək və onun şəxsiyyətinin inkişafını eybəcərləşdirəcəkdir.
Uşaqlarda bu zərərli vərdişin formalaşmasının qarşısını almaqdan ötrü atalar, analar və başqa böyüklər öz hərəkətlərinə nəzarət etməli və özlərini hiddətdən saxlamalıdırlar.
4. Hədsiz ciddiyət və təzyiqlə öz valideyinlik nüfuzunu təsdiq etmək arzusu, saysız göstərişlər və qaydalar, hər xırda məsələdən ötrü cəzalandırma və avtoritar tərbiyənin buna bənzər digər təzahürləri uşağın psixikasını zədələyir. Fiziki cəzalar onun fiziki və zehni inkişafına mənfi təsir gəstərir. Psixoloqlar hesab edirlər ki, uşaqlarla qəddar davranış onlarda psixiki və sinir sistemi pozulmalarının səbəbi olmaqla yanaşı, onların mənəviyyatına da mənfi təsir göstərir. Bu fizki cəzadan imtina etməkdən ötrü daha bir ciddi arqumentdir.
5. Bəzi valideynlər özlərini uşaqlarla hövsələsiz aparır, məntiqsiz hərəkətlərə yol verirlər. Onlar asanlıqla bir ifratçılıqdan digərinə, həddsiz ciddilikdən yersiz əzizləməyə və ya əksinə keçirlər; əvvəlcə cəzalandırılan uşağın qışqırığı və fəryadı evdən kənara yayılır, bir neçə dəqiqə sonra qəzəb məhəbbətlə əvəz olunur və sözəbaxmaz uşağın üzərinə o qədər öpüş və əzizləmələr tökülür ki, valideynin cəzası ona qeyri-real görünür. Tərbiyəyə bu cür yanaşma uşaqları qərarsız edir və onlar valideynlərinin onların davranışına necə, məhəbbət və mehribanlıqla, və yaxud əksinə qəzəb və əsəbliklə cavab verəcəyini bilmirlər.Ona görə də valideynlər istifadə etdikləri metodları diqqətlə yoxlamadırlar ki, onların aydın və sağlam prinsiplər üzərində qurulduğuna əmin olsunlar.
6. Əsəbi uşaqların yaxşı düşünülmüş və ehtiyatlı münasibətə xüsusi ehtiyacı vardır. Onların həyatı əlverişli ailə şəraitində keçməlidir. Bu zaman uşağın vəziyyəti ilə bağlı səlahiyyətli həkimlə məsləhətləşməli və onun rahatlığı və sakitliyi təmin edilməlidir.
7. Uşaqlar üçün yuxunun əhəmiyyətini qiymətləndirmək çətindir. Əsəbi uşaqlar gündəlik fəaliyyətlərində öz yaşıdları ilə müqayisədə daha çox enerji sərf edirlər. Bu enerjini doldurmağın ən yaxşı yolu rahatlanma və sakit yuxudur. Balaca uşaqların daha uzun yuxuya ehtiyacı vardır. Lakin beş və ya altı yaşına qədər olan uşaqlara gecə yuxusu ilə yanaşı gündüz saatlarında yatmaq üçün bir saat yarımdan iki saata kimi vaxt ayrılmalıdır. Yuxarı yaşlardan olan əsəbi uşaqlara gündüz saatlarında bir saatdan az olmamaq şərti ilə yuxulamaq da vacibdir. Uşaqlar bu saatlarda hətta yuxuya gedə bilməsələr də, rahatlanma onlara əsəb gərginliyinin dərəcəsini aşağı salmağa imkan verəcəkdir. Bütün uşaqlar axşam müəyyən edilmiş vaxtda yatağa girməlidirlər, əsəbi uşaqlara ələlxüsus gündəlik qaydaları pozmaq və gecə yarısına kimi oturmağa icazə verilməməlidir.

AXŞAM QONAQLIĞI


Axşam qonaqlıqları praktikası cəmiyyətin bütün təbəqələri üçün ənənəyə çevrilmişdir. Əgər yalnız böyüklər axşamlar öz sərbəst vaxtlarını evdən kənarda keçirsəydilər, uşaqların tərbiyəsinə həsr olunmuş bu kitabda biz bu məsələyə toxunmazdıq. Valideynlər bu cür qonaqlıqlara uşaqlarını da özləri ilə apardıqlarına görə asudə vaxtın bu cür formasının mənfi təsiri haqqında bir neçə kəlmə danışmağa dəyər.
1. Məktəbə gedən uşaqlar vaxtında yatmalıdırlar. Onlar 8 saat normal yatmalıdırlar ki, oyandıqdan sonra özlərini yorğun və süst hiss etməsinlər. Gecə yarıya kimi oyaq qalmaq uşaqların yuxusuna çox pis təsir göstərir. Əgər uşaqlar hər hansı səbəbdən, məsələn, axşam qonaqlığına görə yaxşı yata bilməyiblərsə, səhər duranda özlərini zəif hissə edəcəklər, çünki gün ərzində itirdikləri enerjini bərpa etmək onlara müyəssər olmamışdır və üstəlik onlar məktəbdəki dərslərdə də diqqətli olmayacaqlar. Yuxu – istirahətdir. Xroniki olaraq doyunca yatmamaq son nəticədə müxtəlif növ nasazlıq hallarına gətirib çıxara bilər.
2. Bir yerə yığılan böyüklər, çox vaxt siqaret çəkir, havanı siqaret tüstüsü ilə çirkləndirirlər. Məktəbdə yorulmuş uşaqlar boğanaq otaqda vaxt keçirməli olurlar. Uşaqda baş ağrısı başlayır, əsəbilik yaranır və yuxusu qaçır. Hətta yatıb durandan sonra belə o özünü yorğun və əsəbi hiss edir. Bu cür ayıq qalmalar onun sağlamlığına mənfi təsir göstərir. Üzün solğun rəngi, hədsiz əsəbilik və daim mədə pozulmaları – bütün bunlar böyükərin düşüncəsiz və düşgün olmayan davranışının nəticəsidir.
3.Qonaqlıqda nəzarətsiz qalmış uşaqlar masa üstünə qoyulmuş qidaların- fındıq, biskivit, tort, konfetlər və s. dadına baxmaqdan çətin ki, özlərini saxlayalar. Şirniyyatın bu cür bolluğu onların axşam yeməyini yeyib və ya yeməməsindən asılı olmayaraq mədələrinə ağırlıq gətirəcəkdir. Həzm prosesinin pozulmasının fiziki və zehni qabiliyyətlərə mənfi təsirinin yəqin ki, sübuta ehtiyacı yoxdur.
4. Böyüklərin bu cür qonaqlıqlarda öz gündəlik həyatlarından, çox vaxt şəxsi və ya intim anlarla bağlı hadisələr danışmaq vərdişləri vardır. Uçaqlar, bu söhbətlərin qeyri-ixtiyarı şahidləri, bu müzakirələrə cəlb olunurlar. Bu zaman böyüklər arasında pedaqoji savadı olan adam olsaydı, o, övladlarını öz əlləri ilə ləyaqətsizlik yoluna itələyən valideynlərin bu cür məsuliyyətsizliyindən dəhşətə gələrdi. Əgər böyüklər söhbət zamanı ədəbsiz zarafatlara da yol verirlərsə, valideynlərin ədəbsizliyinin uşaq əxlaqını kökündən necə kəsdiyini də görmək olardı. Sonralar, uşaq qəlblərinin torpağında əkilmiş toxumlar cücərəcək, böyüyəcək və çox güman ki, acı meyvələr yetirəcəkdir.

UŞAQLARDA YORĞUNLUQ VƏ PİS YUXU


Uşaqlarda zehni əməyin səmərəli təşkili, həddindən artıq yorulma və onun mənfi təsirlərinin nəticələrinin uzun müddət qarşısının alınması problemi alimlərin diqqətini özünə cəlb etmişdir; pedaqoqlar və uşaq psixoloqları metodika əsasında birgə elmi tədqiqatlar aparmışlar. Biz bu tədqiqatların bəzi nəticələrini sizə çatdırırıq:
1. Yorğunluğun iki növü vardır: a) müvəqqəti və yüngül yorğunluq; b) uzunsürən və dərin yorğunluq. Müvəqqəti və yüngül yorğunluq sərf olunmuş enerjinin yerini dolduran kiçik istirahət vasitəsilə aradan götürülür. Səbəbi zehni və fiziki tükənmə olan uzunsürən və dərin yorğunluq nəinki uzun müddətli istirahət və qüvvənin bərpasından ötrü relaksasiya, həmçinin ciddi tibbi müalicə tələb edir.
2. Yorğunluğun səbəbləri müxtəlif olub, bir çox amillərdən, təcrübə, yaş, maraq, yerinə yetirilən işin xarakterindən və s. asılıdır. Belə ki, məsələn, uşaqlar affektın təsirinə müxtəlif reaksiyalar göstərir, zehni və fiziki fəaliyyətlərdən müxtəlif dərəcədə yorulurlar. Fiziki xüsusiyyətlər (çəki, boy, əzələ sisteminin inkişafı), əqli qabiliyyətlər və vərdişlər həmçinin yorğunluğun dərəcəsinə böyük təsir göstərir. Əgər uşaq işə həvəslə, sevinclə girişirsə, iş prosesi və bu zaman əldə etdiyi uğur ona zövq verirsə, yorğunluq özünü onda az göstərəcəkdir. İşə həvəs göstərəməyən və ona laqeyd yanaşan uşaq isə əksinə tez yorulur.
3. Yorğunluq o deməkdir ki, insan itirdiyi enerjini yuxu və istirahətdən başqa heç bir şeylə doldura bilmir. Lakin zehni və fiziki yorğunluğun bir sıra növlərində qüvvənin bərpa olunmasının başqa qaydaları daha faydalıdır. Məsələn, zəifləmiş, xəstəlikdən təzə qalxmış, sinir sisteminin zəif tipinə mənsub nevrastanik uşaqlar üçün dərin yorğunluq, daim fizki və psixiki narahatçılıq hissinin olması və iş qabiliyyətinin aşağı səviyyəsi səciyyəvidir. Bu halda uşaq müalicə kursu keçməli və onun inkişafı üçün münasib şərait yaradılmalıdır.
4. Psixoloqların nəzərincə, həqiqi yorğunluğun mahiyyəti ondan ibarətdir ki, iş prosesində insan orqanizmində enerji azalır və əvəzində ziyanlı maddələrin toplanması baş verir.
5. Fiziki iş qurtaranda bədənin orqanları (o cümlədən sinir sisteminin mərkəzi hissəsi olan beyin) yorğunluq hiss edir. Bu səbəbdən, güman edilmir ki, gimnastika, qılıncoynatma, üzmək, alpinizm və idmanın başqa növləri ilə məşğul olmaq – zehni yorğunluğu götürməkdən ötrü ən yaxşı üsuldur. Çünki idmanla məşğul olarkən də zehni əməkdə olduğu kimi yorğunluq yaranır. Hər ikisində mexanizm demək olar ki, eynidir. Yalnız hərtərəfli istirahət və dərin yuxudan başqa heç nə yorğunluğu götürmək gücündə deyildir. Hətta biz gün ərzində işləməsək də, axşamın düşməsi ilə yuxuya ehtiyac duyduğumuzu hiss edirik. XIX əsrin tanınmış alman pedaqoqu, eksperimental pedaqogikanın yaradıcılarından biri Ernest Meyman hesab edirdi ki, hədsiz fiziki iş də zehni əmək kimi uşağın beynini yorur və taqətdən salır. Sonrakı tədqiqatlar göstərdi ki, riyazi məşğələlər nəticəsində yaranmış yorğunluq əzələnin gərginliyi nəticəsində yaranmış yorğunluqla demək olar ki, eynidir.
6. Kiçik yaşlı uşaqlar həm zehni, həm də fiziki işdən tez yorulurlar. Həddindən artıq yorulma əlamətlərindən biri yuxunun pozulmasıdır. Uşaq tez yuxuya gedir, lakin sonra qəfil oyanır və bütün gecəni yatmır və ya əksinə çətinliklə yuxuya gedir.
7. Həddindən artıq yorulmanın uşaqlarda müxtəlif fəsadları ola bilər: diqqətin zəifləməsi, fikri dağınıqlıq, hərəkət koordinasiyasının pisləşməsi və s. Həddindən artıq yorulmuş uşaqlar tez həyəcana gələn, tez açıqlanan və ya süst, ağlağan, psixi cəhətdən tez təsirlənən olurlar. Dərs zamanı öz fikirlərini aydın ifadə edə bilmir, onların müvəffəqiyyət dərəcəsi və yaradıcı qabiliyyətləri aşağı düşür. Həddindən artıq yorulma və həyəcan ürək-damar pozuntuları, baş ağrıları, qan təzyiqinin dəyişməsi və həmçinin yuxusuzluqla müşayiət olunur.
Gigeniyamütəxəssislərinin, psixoloqların və pedaqoqların tədqiqatları məktəblilərin yorğunluq səviyyəsinin qiymətləndirilməsinin elmi prinsiplərini və onların iş qabiliyyətinin dinamikasını müəyyən etməyə imkan vermişdir. Bu tədqiqatlar nəticəsində orqanizmin ritmik fəaliyyətini nəzərə almaqla uşaqların zehni və fiziki fəaliyyətinin gigeniyasının və səmərəli təşkilinin proqramı hazırlanmışdır. Alimlərin hazırladığı tövsiyələrə uyğun hərəkət etməklə valideynlər uşağın iş qabiliyyətini saxlaya və yorulmasının qarşısını ala bilərlər.
1. Məktəb məşğələlərindən evə qayıdan uşaqlar özlərini yorğun hiss edirlər. Zehni əmək və fiziki fəallıq (səhərdən günortaya kimi) uşaqların qabiliyyətlərini aşağı salır. Onlar rahatlanmalıdırlar. Uşaqların bir neçə dəqiqə hərəkətsiz uzanması və ya qısa müddətli gəzintiyə çıxması daha yaxşı olardı.
2. Dərslər zamanı müntəzən fasilələr yorğunluğu götürür. Uşaqlar bunu yadda saxlamalıdırlar və evdə dərsləri hazırlayarkən hər 30-45 dəqiqədən bir 15 dəqiqəlik fasilə edilməlidir.
3. İtirilmiş enerjinin bərpasından ötrü hamı üçün (xüsusən də uşaqlar üçün) ən yaxşı metod – kifayət qədər dərin yuxudur. Valideynlər bu istirahət imkanından faydalanmalı və uşağın yuxusunu kəsməməyə çalışmalıdırlar. Valideynlər axşam qonaqlıqlarından imtina etməlidirlər. Uşağın gecə yarıya kimi qonaqlıqda oturması – onu tam dəyərli istirahət hüququndan məhrum etmək deməkdir.
Bəzən analar uşaqların pis yatmasından şikayətlənirlər. Artıq deyildiyi kimi, yuxusuzluğun səbəbi həddən artıq zehni yorğunluq və əsəbilikdir. Bu halda nə məsləhət vermək olar?
1. Uşaq həmişə eyni vaxtda yatmaq üçün yerinə girməlidir. O, ya sağ yanı, ya da arxası üstə yatmalıdır.
2. Yatmaq ərəfəsində uşaq ağır yeməklər yeməməlidir. Belə ki, onlar həm çətin həzm olunur, həm də xoşagəlməz yuxugörmələrə səbəb olur. Həm də şam yeməyindən dərhal sonra da yatağa girmək olmaz. Ağzına kimi dolmuş mədə diafraqmaya təzyiq göstərir, tənəffüsü çətinləşdirir, nəticədə uşaq narahat yatır.
3. Uşağın psixikasına qıcıqlandırıcı təsir göstərən kofe, çay və digər stimulyatorlardan çəkinmək lazımdır.
4. Hər gün yatmazdan əvvəl uşağın otağının havası dəyişdirilməli və oradakı tozlar silinməlidir.
Qüvvəsini bərpa etməkdən ötrü uşaq neçə saat yatmalıdır? Müxtəlif yaş qruplarından olan uşaqlarda yuxunun müddəti müxtəlifdir. Bütövlükdə sağlam uşaq zəif və ya əsəbi uşaqla müqayisədə az yata bilər. Aşağıdakı cədvəldə müxtəlif yaşda olan uşaqlar üçün yuxu norması verilmişdir.

UŞAQLARDA YADDAŞ


Yaddaş – insan şüurunun çox qəribə xassəsidir. Yadda saxlamaq qabiliyyəti bizim həyatımıza böyük təsir göstərir. Bu qabiliyyət bütün əqli prosesləri idarə edir və onları istiqamətləndirir: əgər bizdə fikirləri yadda saxlamaq qabiliyyəti olmasaydı, əqli iş faydasız olardı, keçmişlə rabitəmiz itərdi, bizim idrakımızın məqsədi indiki andan kənara çıxa bilməzdi.
Hər bir insan yaddaşla təmin olunmuşdur. Yaddaşın səviyyəsi başqa psixiki proseslər və qabliyyətlərdən fərqli olaraq insanın fərdi xüsusiyyətlərindən asılı olub, yüksək, orta və ya zəif göstəricilərə malik ola bilər. Əgər tərbiyəçilər uşaqlarda yaddaşı formalaşdırmaq və inkişaf etdirməyin qaydasını bilirsə, yükləmələrdə mötədilliyi gözləyirsə, uşaq çox şeyi yadda saxlayacaq və öyrənəcəkdir. Əgər onların yanaşması düşüncəsiz və səthidirsə, bunun nəticəsi psixiki proseslərin pozulması və yaddaşda qüsurun yaranması olacaqdır. İnsan - qabiliyyətlər quyusudur, onun yaddaşı isə keşmişə açılmış qapılardır. Lakin bu bolluqdan daha yaxşı istifadə etməkdən ötrü ona şüur, zəka və bunlarla yanaşı təcrübə də lazımdır.
Məktəbəqədər yaşda olan uşaqlarda mexaniki yaddaş üstünlük təşkil edir. Uşaq gördüyü və eşitdiyi hər bir şeyi yaddında saxlayır, şerləri asanlıqla əzbərləyir. Lakin valideynlər bu qabiliyyəti istismar etməyə meyllidirlər. Onlar müxtəlif səbəblərdən öz uşaqlarının yaddaşını yükləyirlər və görünür, yaddaşı inkişaf etdirməyin məharət olduğunu dərk etmirlər və elə bir an gələr ki, “at yorulur, yolun yarısına kimi gəlmiş atsürən çıxılmaz vəziyyətə düşür”.Ona görə də böyüklər uşaqlarda yaddaşın inkişaf etdirilməsində özlərinin əhəmiyyətli rolunu dərk etməlidirlər. Uşaqların üzərində ardıcıl müşahidələr aparmalı, onların inkişaf, o cümlədən yaddaşlarının formalaşma xüsusiyyətlərini öyrənməlidirlər. Deyilənləri nəzərə alaraq aşağıdakılara diqqət yetirməyinizi tövsiyə edirik:
1.Bəzi uşaqlar yadda saxlama ilə bağlı çətinlik çəkirlər. Onlar informasiyanı pis dərk edir və pis yadda saxlayır, assosasiya yarada bilmirlər. Digərləri isə əksinə aldıqları informasiyanı tez və uzun müddət yadda saxlayırlar. Buna görə də biz yaddaşı yaxşı və yaddaşı pis olan uşaqdan eyni uğuru gözləyə bilmərik. Valideynlər yükləmənin dərəcəsini müəyyən etməkdən ötrü uşaqlarının yadda saxlama qabiliyyətinin imkanını bilməlidirlər. Bəzi valideynlər bunu nəzərə almır, uşaqlarının zehni imkanları haqqında düşünmür, ürək sındıran müqayisələr aparmaqla onları dostlarının və həmyaşıdlarının yanında pərt edirlər.
2. Əsəbi, həzm sistemi xəstəliklərindən və ya daxili sekresiya vəzlərinin pozulmasından əziyyət çəkən, fiziki cəhətdən zəif uşaqların yaddaşı, adətən, zəif olur. Bu cür uşaqları daim “tələsdirmək” əvəzinə, valideynlər onların fiziki qüsurlarına səbr və şəfqətlə yanaşmağı öyrənməli, müalicə yollarını axtarmalıdırlar, belə ki, səbəbi aradan görütməklə yanaşı, onun nəticələri ilə də daim mübarizə aparmaq lazım gələcəkdir.
3. Yaddaşının yaxşı və ya pisliyindən asılı olmayaraq uşağın yüklənməsi ziyanlıdır. Şer və ya mətnlərin əzbərlənməsi o zaman faydalı ola bilər ki, onlardan gündəlik həyatda istifadə olunsun və ya onlar hafizənin məşq etdirilməsindən ötrü lazımdır. Uşaqların heç vaxt praktikada istifadə etməyəcəkləri, nəticə etibarilə tezliklə unudacaqları, anlamadıqları şeyləri əzbərləməyə məcbur etmək, bu yalnız əbəs yerə gərginlik və narahatçlıq yaratmaqdan başqa bir şey deyildir. Valideynlər yaddaşlarını möhkəmləndirməkdə uşaqlarına yardımçı olmalıdırlar. Lakin bu məsələdə də onlar mötədilliyi gözləməlidirlər.

GÖRMƏNİN GİGİYENASI


Görmə insanların əmək fəaliyyətinin bütün növlərində böyük rol oynayır və biliklərin əldə edilməsində onun əhəmiyyəti olduqca böyükdür. Əgər uşaqlıqda onun funksional fəaliyyəti kifayət qədər qulluğun olmaması və ya gigeniya səbəbindən zəifləyirsə, biliklərin əldə edilməsi və qabiliyyətlərin inkişaf etdirilməsi xeyli çətinləşəcəkdir. Göz qiymətli daş kimidir və onu hər zaman qorumaq lazımdır. Təəssüflər olsun ki, görmənin pozulması uşaq xəstəlikləri içərisində ən çox təsadüf olunandır.
Görmənin pozulmasının qarşısını almaqdan ötrü valideynlərdən bir sıra gigeniya qaydalarını gözləmək tələb olunur:
1. Uşaqlar zəif işıqlandırılmış şəraitdə oxuyub-yazmamalıdırlar. Nəzarət edilməlidir ki dəftər, kitab, məşğuliyyət yeri yaxşı işıqlandırılmış olsun.
2. İşıq mənbəyi məşğuliyyət zamanı həmişə solda olmalıdır.
3. Kitab oxuyarkən, onun gözdən məsafəsi 30-35 sm-dən az olmamalıdır.
4. Görmə qabiliyyətinə mütaliə zamanı düzgün olmayan poza, xüsusən də uzanan vəziyyətdə oxumaq düzəldilməsi mümkün olmayan ziyan vurur. Məşğuliyyət zamanı uşağın qamətini düz saxlamasından ötrü, masa və stul onun boyuna uyğun olaraq seçilməlidir. Qamətin pozulması onurğanın əyilməsinə, düzgün olmayan tənəffüz, qan dövranı və həzmetməyə, tez yorulma və görmənin zəifləməsinə gətirib çıxarır.
5. Hərəkət edən nəqliyyatda da oxumaq olmaz, çünki daimi təkanlardan gözlə kitab arasında məsafə bütün vaxtı dəyişdiyindən göz əzələsi zəifləyir və görmənin pozulması başlayır.
6. Əgər uşaq kitabı yaxın məsafədə tutur və mətnə gərgin halda baxır, bir qədər uzaqda yerləşmiş əşyaları seçə bilmirsə, onun görmə qabiliyyəti okulist həkimdə yoxladılmalıdır.

UŞAQLARIN BOY VƏ ÇƏKİSİ


Fiziki inkişaf müəyyən göstəricilərlə səciyyələnir. Uşağın sağlamlığını səciyyələndirən göstəricilərdən biri onun boy və çəkisinin hər konkret yaş üçün səciyyəvi olan fiziki inkişafın normalarına uyğun gəlməsidir.
Bəzi səhlənkar valideynlər uşağın çəkisindəki dəyişikliklərə (artıq çəki, arıqlıq) əhəmiyyət vermir və ya “böyüdükcə hər şey qaydasına düşəcək” deyə özlərinə təskinlik verirlər. Bu cür analar bilməlidirlər ki, uşağın boy artımı bədən çəkisinin uyğun artımı ilə müşayiət olunmalıdır. Əgər uşağın çəkisi onun boyuna uyğun gəlmirsə, bunun səbəbi araşdırılmalı, lazım gələrsə mütəxəssisə müraciət olunmalıdır. Uşaqlıq dövrünün səciyyəvi xüsusiyyətlərindən biri – boy və inkişafın sürətli getməsidir. Bu sahənin mütəxəssisləri valideynlərə bədən çəkisi ilə boyun bütün “böyümə dövründə”, xüsusən də, üç yaşından səkkiz yaşına kimi, diqqətlə izləməyi, uşağın çəkisinin az və ya həddən çox olmasına yol verməməyi məsləhət görürlər. Uşaqların boyuna irsi amillərlə yanaşı iqlim, qidalanma, ətraf mühit və xüsusən də günəş şüaları da təsir göstərir.
Nəzərə almaq lazımdır ki, yaşın boy göstəriciləri mütləq deyildir. Müxtəlif ölkələrdə uşaqlar müxtəlif cür böyüyürlər: bir ölkədə hündür sayılan boy, başqa bir ölkədə normal hesab edilə bilər. Aşağıdakı cədvəldə ölkənin orta statistik göstəriciləri verilmişdir. Seçmələrə 3 yaşından 8 yaşına kimi həm qızlar, həm də oğlanlar daxil edilmişdir; boy santimetrlə, çəki kiloqramlarla verilmişdir.

UŞAQLARIN SAĞLAMLIĞI


“Sağlam bədəndə sağlam ruh olar” məsəli hər kəsə yaxşı məlumdur. Hələ qədim dövrün mütəfəkkirləri fiziki və mənəvi inkişaf arasında qarşılıqlı asılılığın olduğunu söyləmişlər. Bununla belə, bizim biliklər və kəşflər əsrində, maarifçiliyin öz işığını dünyaya səpələdiyi elmi—texniki tərəqqi dövründə, təəssüflər olsun ki, hələ də öz uşaqlarının fiziki inkişafına laqeyd yanaşan və orqanizmlə psixikanın ayrılmaz vəhdət təşkil etdiyini dərk etməyən valideynlərə rast gəlmək mümkündür. Şübhə yoxdur ki, sağaldılmamış xəstəlik və aradan götürülməmiş nasazlıq vəziyyəti bundan sonra xroniki hal ala və uşaqlara düzəldilməsi mümkün olmayan ziyan vura və onların gələcək xoşbəxtliyinin əsasını dağıda bilər.
Körpə ağacların hündür və güclü olacağı və bəhrə verəcəyi günü görmək arzusu ilə yaşayan bağban onların yetişdirilməsi ilə məşğul olur, onları zədələnmələrdən qoruyur. Eynilə, uşaqlarının gələcəyi haqqında düşünən valideynlər də uşaqlarının sağlam olmasından, yaxşı görünməsindən, düzgün böyüməsindən və yaxşı inkişaf etməsindən ötrü əllərində olan istənilən vasitədən istifadə etməlidirlər.
Şübhəsiz ki, fiziki sağlamlıq və gigiyena uşağın davranışı və onun rəftarı ilə sıx bağlıdır. Sərbəst səyahət etmək və qabaqcadan təyin edilmiş məqsədinə çatmaq arzusunda olan, lakin zəif bədənə bağlanmış ruh, cansız və gücsüz atla cıdır yarışlarında iştirak etmək istəyən adama bənzəyir.
Uşaqlarının sağlamlığını qorumaqdan və onların təbii inkişafını və böyüməsini təmin etməkdən ötrü valideynlər hər imkandan istifadə etməlidirlər. Belə ki, rejimin gözlənilməməsi (məsələn, düzgün qidalanmamaq) uşağın həzm sistemində müxtəlif pozuntulara gətirib çıxarır və onun fiziki inkişafına mənfi təsir göstərir. Belə bir hadisəni təsəvvür edək:
Səhərdir. Uşaq məktəbə hazırlaşır. O, nizam-intizam və qaydaya alışdırılmadığına, valideynlər isə səhər saatlarında ona nəzarət etmədiyinə görə onun yığışması tələsik və əsəb gərginliyi şəraitində keçir. O, otaqda var-gəl edərək formasını, corablarını, köynəyini və digər əşyalarını axtarır. Çünki dünən axşam onları yerinə qoymamış, hara gəldi atmışdı. Sonra yadına düşür ki, ayaqqabısındakı kiçik mismar dünən ona yeriməyə mane olub, tələsik alətləri axtarmağa başlayır. Evdə dəhlizdən tutmuş anbarçaya kimi hər şey bir-birinə qarışır, müxtəlif yerlərdən çəkic, ayaqqabı qəlibi və biz tapılıb üzə çıxarılır. Nəhayət, mıx vurulur. Saatın vurması göstərir ki, onun ixtiyarında vaxt qalmamışdır! O, özünü tez vanna otağına salaraq, tələm-tələsik əl-üzünü yuyur. Cəld mətbəxə qaçaraq, dərslikləri çantasına dürtə-dürtə anasının üstünə qışqırır: “Tez ol, mənə yeməyə bir şey ver!”. “Otur, ayaq üstə yeməyəcəksən ki? indi qızdırılmış çörək olacaq” – ana ciddi şəkildə cavab verir. Səbri tükənmiş uşaq anasına başa salmağa çalışır ki, onun vaxtı daha yoxdur və əgər səhər yeməyi hazır deyilsə, o yeməmiş gedəcək. Anası ilə bir qədər höcətləşdikdən sonra o ayaq üstə bir tikə çörək yeyib, bir qurtum çay içib, ac halda məktəbə qaçır.
Dərsin ortasında kəskin aclıq ona əziyyət verməyə başlayır və o, dostlarının ona təklif etdiyi konfet, çipsi və ya yer fındığı ilə mədəsini sakitləşdirməyə çalışır. Bu cür qidanın çətin ki, bir xeyri ola. Qida rejiminin pozulması ona gətirib çıxarır ki, sonra uşaq naharı gözləməyərək, köhnə sınanmış üsula əl atır, fasilədə sendviç və başqa tez hazırlanan qidalarla özünü doydurur. Nəticədə, məktəbdən qayıtdıqdan sonra anası onu nahara dəvət edəndə, onun yeməyə iştahası olmayacaqdır. O, masa arxasında şitlik edəcək, salatı nimçənin qıraqlarına yaxacaq və ya çörəyi ovxalamaqla məşğul olacaqdır və nəhayət səbri dara çəkilmiş valideynlər ondan masanı danışıqsız tərk etməyi tələb edəcəklər.
Əlbəttə, əksər atalar və analar öz uşaqlarının sağlamlığına qayğı ilə yanaşırlar və onların diqqəti xoşagəlməz təsadüflərdən yaxa qurtarmağa imkan verir. Məsələn, əgər ana kifayət qədər tezdən qalxırsa, o, səhər yeməyini hazırlamağa və uşaqları səhər yeməyinə vaxtında çağırmağa imkan tapır. Onların nə etdiyinə nəzarət edən ana, səbrlə onlara xatırladır: “əllərinizi və üzünüzü yuyun, başınızı səliqə ilə darayın, yeməyi aramla çeynəyin, vaxt itirməyin – tezliklə evdən çıxmalısınız”.
Ana uşağın dərslikləri və paltarını axşamdan yerinə qoymasına, ertədən yatmasına və səhər qalxmasına, səhər yeməyi yeməsinə və vaxtında evdən çıxmasına nəzarət etməlidir. Uşağın gündəlik rejimi nə valideynlərin rahatlığı naminə, nə də uşağın tərsliyi səbəbindən pozulmamalıdır. Bu qaydalar xüsusi biliklər, böyük xərc tələb etmir, lakin eyni zamanda onlar uşağın sağlamlığını və əmin-amanlığını qorumağa, bir çox xoşagəlməz təsadüflərdən qaçmağa imkan verir.