Friday, September 30, 2016

UŞAQLARIN SAĞLAMLIĞI


“Sağlam bədəndə sağlam ruh olar” məsəli hər kəsə yaxşı məlumdur. Hələ qədim dövrün mütəfəkkirləri fiziki və mənəvi inkişaf arasında qarşılıqlı asılılığın olduğunu söyləmişlər. Bununla belə, bizim biliklər və kəşflər əsrində, maarifçiliyin öz işığını dünyaya səpələdiyi elmi—texniki tərəqqi dövründə, təəssüflər olsun ki, hələ də öz uşaqlarının fiziki inkişafına laqeyd yanaşan və orqanizmlə psixikanın ayrılmaz vəhdət təşkil etdiyini dərk etməyən valideynlərə rast gəlmək mümkündür. Şübhə yoxdur ki, sağaldılmamış xəstəlik və aradan götürülməmiş nasazlıq vəziyyəti bundan sonra xroniki hal ala və uşaqlara düzəldilməsi mümkün olmayan ziyan vura və onların gələcək xoşbəxtliyinin əsasını dağıda bilər.
Körpə ağacların hündür və güclü olacağı və bəhrə verəcəyi günü görmək arzusu ilə yaşayan bağban onların yetişdirilməsi ilə məşğul olur, onları zədələnmələrdən qoruyur. Eynilə, uşaqlarının gələcəyi haqqında düşünən valideynlər də uşaqlarının sağlam olmasından, yaxşı görünməsindən, düzgün böyüməsindən və yaxşı inkişaf etməsindən ötrü əllərində olan istənilən vasitədən istifadə etməlidirlər.
Şübhəsiz ki, fiziki sağlamlıq və gigiyena uşağın davranışı və onun rəftarı ilə sıx bağlıdır. Sərbəst səyahət etmək və qabaqcadan təyin edilmiş məqsədinə çatmaq arzusunda olan, lakin zəif bədənə bağlanmış ruh, cansız və gücsüz atla cıdır yarışlarında iştirak etmək istəyən adama bənzəyir.
Uşaqlarının sağlamlığını qorumaqdan və onların təbii inkişafını və böyüməsini təmin etməkdən ötrü valideynlər hər imkandan istifadə etməlidirlər. Belə ki, rejimin gözlənilməməsi (məsələn, düzgün qidalanmamaq) uşağın həzm sistemində müxtəlif pozuntulara gətirib çıxarır və onun fiziki inkişafına mənfi təsir göstərir. Belə bir hadisəni təsəvvür edək:
Səhərdir. Uşaq məktəbə hazırlaşır. O, nizam-intizam və qaydaya alışdırılmadığına, valideynlər isə səhər saatlarında ona nəzarət etmədiyinə görə onun yığışması tələsik və əsəb gərginliyi şəraitində keçir. O, otaqda var-gəl edərək formasını, corablarını, köynəyini və digər əşyalarını axtarır. Çünki dünən axşam onları yerinə qoymamış, hara gəldi atmışdı. Sonra yadına düşür ki, ayaqqabısındakı kiçik mismar dünən ona yeriməyə mane olub, tələsik alətləri axtarmağa başlayır. Evdə dəhlizdən tutmuş anbarçaya kimi hər şey bir-birinə qarışır, müxtəlif yerlərdən çəkic, ayaqqabı qəlibi və biz tapılıb üzə çıxarılır. Nəhayət, mıx vurulur. Saatın vurması göstərir ki, onun ixtiyarında vaxt qalmamışdır! O, özünü tez vanna otağına salaraq, tələm-tələsik əl-üzünü yuyur. Cəld mətbəxə qaçaraq, dərslikləri çantasına dürtə-dürtə anasının üstünə qışqırır: “Tez ol, mənə yeməyə bir şey ver!”. “Otur, ayaq üstə yeməyəcəksən ki? indi qızdırılmış çörək olacaq” – ana ciddi şəkildə cavab verir. Səbri tükənmiş uşaq anasına başa salmağa çalışır ki, onun vaxtı daha yoxdur və əgər səhər yeməyi hazır deyilsə, o yeməmiş gedəcək. Anası ilə bir qədər höcətləşdikdən sonra o ayaq üstə bir tikə çörək yeyib, bir qurtum çay içib, ac halda məktəbə qaçır.
Dərsin ortasında kəskin aclıq ona əziyyət verməyə başlayır və o, dostlarının ona təklif etdiyi konfet, çipsi və ya yer fındığı ilə mədəsini sakitləşdirməyə çalışır. Bu cür qidanın çətin ki, bir xeyri ola. Qida rejiminin pozulması ona gətirib çıxarır ki, sonra uşaq naharı gözləməyərək, köhnə sınanmış üsula əl atır, fasilədə sendviç və başqa tez hazırlanan qidalarla özünü doydurur. Nəticədə, məktəbdən qayıtdıqdan sonra anası onu nahara dəvət edəndə, onun yeməyə iştahası olmayacaqdır. O, masa arxasında şitlik edəcək, salatı nimçənin qıraqlarına yaxacaq və ya çörəyi ovxalamaqla məşğul olacaqdır və nəhayət səbri dara çəkilmiş valideynlər ondan masanı danışıqsız tərk etməyi tələb edəcəklər.
Əlbəttə, əksər atalar və analar öz uşaqlarının sağlamlığına qayğı ilə yanaşırlar və onların diqqəti xoşagəlməz təsadüflərdən yaxa qurtarmağa imkan verir. Məsələn, əgər ana kifayət qədər tezdən qalxırsa, o, səhər yeməyini hazırlamağa və uşaqları səhər yeməyinə vaxtında çağırmağa imkan tapır. Onların nə etdiyinə nəzarət edən ana, səbrlə onlara xatırladır: “əllərinizi və üzünüzü yuyun, başınızı səliqə ilə darayın, yeməyi aramla çeynəyin, vaxt itirməyin – tezliklə evdən çıxmalısınız”.
Ana uşağın dərslikləri və paltarını axşamdan yerinə qoymasına, ertədən yatmasına və səhər qalxmasına, səhər yeməyi yeməsinə və vaxtında evdən çıxmasına nəzarət etməlidir. Uşağın gündəlik rejimi nə valideynlərin rahatlığı naminə, nə də uşağın tərsliyi səbəbindən pozulmamalıdır. Bu qaydalar xüsusi biliklər, böyük xərc tələb etmir, lakin eyni zamanda onlar uşağın sağlamlığını və əmin-amanlığını qorumağa, bir çox xoşagəlməz təsadüflərdən qaçmağa imkan verir.

No comments:

Post a Comment