Friday, September 30, 2016

GÖRMƏNİN GİGİYENASI


Görmə insanların əmək fəaliyyətinin bütün növlərində böyük rol oynayır və biliklərin əldə edilməsində onun əhəmiyyəti olduqca böyükdür. Əgər uşaqlıqda onun funksional fəaliyyəti kifayət qədər qulluğun olmaması və ya gigeniya səbəbindən zəifləyirsə, biliklərin əldə edilməsi və qabiliyyətlərin inkişaf etdirilməsi xeyli çətinləşəcəkdir. Göz qiymətli daş kimidir və onu hər zaman qorumaq lazımdır. Təəssüflər olsun ki, görmənin pozulması uşaq xəstəlikləri içərisində ən çox təsadüf olunandır.
Görmənin pozulmasının qarşısını almaqdan ötrü valideynlərdən bir sıra gigeniya qaydalarını gözləmək tələb olunur:
1. Uşaqlar zəif işıqlandırılmış şəraitdə oxuyub-yazmamalıdırlar. Nəzarət edilməlidir ki dəftər, kitab, məşğuliyyət yeri yaxşı işıqlandırılmış olsun.
2. İşıq mənbəyi məşğuliyyət zamanı həmişə solda olmalıdır.
3. Kitab oxuyarkən, onun gözdən məsafəsi 30-35 sm-dən az olmamalıdır.
4. Görmə qabiliyyətinə mütaliə zamanı düzgün olmayan poza, xüsusən də uzanan vəziyyətdə oxumaq düzəldilməsi mümkün olmayan ziyan vurur. Məşğuliyyət zamanı uşağın qamətini düz saxlamasından ötrü, masa və stul onun boyuna uyğun olaraq seçilməlidir. Qamətin pozulması onurğanın əyilməsinə, düzgün olmayan tənəffüz, qan dövranı və həzmetməyə, tez yorulma və görmənin zəifləməsinə gətirib çıxarır.
5. Hərəkət edən nəqliyyatda da oxumaq olmaz, çünki daimi təkanlardan gözlə kitab arasında məsafə bütün vaxtı dəyişdiyindən göz əzələsi zəifləyir və görmənin pozulması başlayır.
6. Əgər uşaq kitabı yaxın məsafədə tutur və mətnə gərgin halda baxır, bir qədər uzaqda yerləşmiş əşyaları seçə bilmirsə, onun görmə qabiliyyəti okulist həkimdə yoxladılmalıdır.

No comments:

Post a Comment