Friday, September 30, 2016

UŞAQLARDA YADDAŞ


Yaddaş – insan şüurunun çox qəribə xassəsidir. Yadda saxlamaq qabiliyyəti bizim həyatımıza böyük təsir göstərir. Bu qabiliyyət bütün əqli prosesləri idarə edir və onları istiqamətləndirir: əgər bizdə fikirləri yadda saxlamaq qabiliyyəti olmasaydı, əqli iş faydasız olardı, keçmişlə rabitəmiz itərdi, bizim idrakımızın məqsədi indiki andan kənara çıxa bilməzdi.
Hər bir insan yaddaşla təmin olunmuşdur. Yaddaşın səviyyəsi başqa psixiki proseslər və qabliyyətlərdən fərqli olaraq insanın fərdi xüsusiyyətlərindən asılı olub, yüksək, orta və ya zəif göstəricilərə malik ola bilər. Əgər tərbiyəçilər uşaqlarda yaddaşı formalaşdırmaq və inkişaf etdirməyin qaydasını bilirsə, yükləmələrdə mötədilliyi gözləyirsə, uşaq çox şeyi yadda saxlayacaq və öyrənəcəkdir. Əgər onların yanaşması düşüncəsiz və səthidirsə, bunun nəticəsi psixiki proseslərin pozulması və yaddaşda qüsurun yaranması olacaqdır. İnsan - qabiliyyətlər quyusudur, onun yaddaşı isə keşmişə açılmış qapılardır. Lakin bu bolluqdan daha yaxşı istifadə etməkdən ötrü ona şüur, zəka və bunlarla yanaşı təcrübə də lazımdır.
Məktəbəqədər yaşda olan uşaqlarda mexaniki yaddaş üstünlük təşkil edir. Uşaq gördüyü və eşitdiyi hər bir şeyi yaddında saxlayır, şerləri asanlıqla əzbərləyir. Lakin valideynlər bu qabiliyyəti istismar etməyə meyllidirlər. Onlar müxtəlif səbəblərdən öz uşaqlarının yaddaşını yükləyirlər və görünür, yaddaşı inkişaf etdirməyin məharət olduğunu dərk etmirlər və elə bir an gələr ki, “at yorulur, yolun yarısına kimi gəlmiş atsürən çıxılmaz vəziyyətə düşür”.Ona görə də böyüklər uşaqlarda yaddaşın inkişaf etdirilməsində özlərinin əhəmiyyətli rolunu dərk etməlidirlər. Uşaqların üzərində ardıcıl müşahidələr aparmalı, onların inkişaf, o cümlədən yaddaşlarının formalaşma xüsusiyyətlərini öyrənməlidirlər. Deyilənləri nəzərə alaraq aşağıdakılara diqqət yetirməyinizi tövsiyə edirik:
1.Bəzi uşaqlar yadda saxlama ilə bağlı çətinlik çəkirlər. Onlar informasiyanı pis dərk edir və pis yadda saxlayır, assosasiya yarada bilmirlər. Digərləri isə əksinə aldıqları informasiyanı tez və uzun müddət yadda saxlayırlar. Buna görə də biz yaddaşı yaxşı və yaddaşı pis olan uşaqdan eyni uğuru gözləyə bilmərik. Valideynlər yükləmənin dərəcəsini müəyyən etməkdən ötrü uşaqlarının yadda saxlama qabiliyyətinin imkanını bilməlidirlər. Bəzi valideynlər bunu nəzərə almır, uşaqlarının zehni imkanları haqqında düşünmür, ürək sındıran müqayisələr aparmaqla onları dostlarının və həmyaşıdlarının yanında pərt edirlər.
2. Əsəbi, həzm sistemi xəstəliklərindən və ya daxili sekresiya vəzlərinin pozulmasından əziyyət çəkən, fiziki cəhətdən zəif uşaqların yaddaşı, adətən, zəif olur. Bu cür uşaqları daim “tələsdirmək” əvəzinə, valideynlər onların fiziki qüsurlarına səbr və şəfqətlə yanaşmağı öyrənməli, müalicə yollarını axtarmalıdırlar, belə ki, səbəbi aradan görütməklə yanaşı, onun nəticələri ilə də daim mübarizə aparmaq lazım gələcəkdir.
3. Yaddaşının yaxşı və ya pisliyindən asılı olmayaraq uşağın yüklənməsi ziyanlıdır. Şer və ya mətnlərin əzbərlənməsi o zaman faydalı ola bilər ki, onlardan gündəlik həyatda istifadə olunsun və ya onlar hafizənin məşq etdirilməsindən ötrü lazımdır. Uşaqların heç vaxt praktikada istifadə etməyəcəkləri, nəticə etibarilə tezliklə unudacaqları, anlamadıqları şeyləri əzbərləməyə məcbur etmək, bu yalnız əbəs yerə gərginlik və narahatçlıq yaratmaqdan başqa bir şey deyildir. Valideynlər yaddaşlarını möhkəmləndirməkdə uşaqlarına yardımçı olmalıdırlar. Lakin bu məsələdə də onlar mötədilliyi gözləməlidirlər.

No comments:

Post a Comment