Saturday, October 1, 2016

YADDAŞIN POZULMASI


Bildiyimiz kimi, yaddaş proseslərinin mexanizmləri müəyyən göstəricilərə malikdirlər. Onlar xəstəliklərə və müxtəlif pozulmalara məruz qala bilirlər. Bütövlükdə yaddaşın pozulmasını iki tipə bölmək olar:
A. Yaddaşın itirilməsi.
B. Yaddaşın həddsiz intensiv işləməsi.
Yaddaşın daha geniş yayılmış ümumi pozulması amneziya adlanır. Amneziya halında xatırlama o dərəcədə zəifləyir ki, keçmişin xatirələri tamamilə itir.
A. Amneziyanın bir-neçə növü fərqləndirilir.
A1. Ümumi və ya ümumiləşdirilmiş amneziya. Amneziyanın bu növündə yaddaşın pozulması bir neçə dəqiqədən bir neçə ay və ilə kimi davam edə bilər. Bu müddət ərzində insan keçmişdə onunla baş verənləri xatırlaya bilmir. Yıxılma, baş zərbəsi, güclü hərarət, məsələn, qarın yatalığı zamanı (hətta qısa müddət davam etsə də), həyatın böyük dövrü üçün xatirələrin tam unudulmasına gətirib çıxarır.
Növbələnən amneziya insanda müəyyən dövrdə baş verir. Bu cür amneziya müvəqqəti amneziya adlanır.
A2. Şiddətlənən amneziya. Amneziyanın bu növündə yaddaşın zəifləməsi şiddətlənmə istiqamətində inkişaf edir. Bu xəstəlik zamanı insan ilk növbədə bir az bundan qabaq əldə etdiyi bilikləri xatırlamaq, cari hadisələri, faktları yadda saxlamaq qabiliyyətini itirir. Lakin bu zaman insan uşaqlıq dövründə baş verən hadisələri daha yaxşı xatırlayır, bununla belə mürəkkəb anlayışları sadələrə nisbətən daha tez unudur. Xəstəlik şiddətləndikcə keçmişdə onunla baş vermiş hadisələri də tədricən yaddan çıxarır. Bu xəstəlik əvvəl-axır ona gətirib çıxarır ki, uşaqlıq dövrünün xatirələri də tamamilə xatirələrdən silinir.
A3. Qismən amneziya. Bu xəstəlik zamanı insan hadisələrin bir hissəsini yaxşı xatırlayır, digərlərini yox. Məsələn, onlar riyaziyyat və musiqidən bildiklərini unutduqları halda, başqa biliklər yaddaşlarında tam qorunmuş olur. Bu xəstəlikdən əziyyət çəkən insanların bəziləri öz adını və ya yaxınlarının adını, bəziləri rənglərin adını və rəqəmləri, digərləri isə nitqin bu və ya digər hissəsindən – feildən və ya feilin lazımı formasından necə istifadə etməyi unudurlar. Amneziyanın bu tipinin növmüxtəliflikləri hədsiz dərəcədə çox olduğundan onların hamısının adını burada sadalamaq mümkün deyildir.
B. Yaddaşın pozulmasının ikinci tipi yaddaşın hədsiz intensiv işləməsi ilə əlaqədardır. Yaddaşda saxlanılan bütün informasiya sanki bir anın içində ağlasığmaz sürətlə şüurda ortaya çıxır. Yaddaşın bu cür pozulması, adətən, ölüm ayağında olmuş, lakin həyata qaytarılmış insanlarda müşahidə olunur. Sonradan onlar bütün keçmiş həyatlarının ani olaraq gözlərinin qarşısından keçdiyini danışırlar.
Bu xəstəlik özünü şəxsdə qismən göstərdiyi zaman da tamam unudulmuş və normal halda heç bir əhəmiyyət kəsb etməyən şeylər xatırlanır. Məsələn, güclü qızdırma zamanı insanda yaddaşın müvəqqəti güclənməsi baş verir və insan çox-çox illər baş vermiş hadisələrini detallarını, tarixləri və əhəmiyyətsiz faktları yada salır.

No comments:

Post a Comment