Saturday, October 1, 2016

YADDAŞIN İŞLƏMƏ MEXANİZMİ


Yaddaş - yadda saxlamaq, keçmiş təcrübələrin təəssüratını mühafizə etmək, yenidən canlandırmaq və onlar arasında fərqi aşkar etmək qabiliyyətinə mailkdir. Keçmişdə olanların yaddaşda təzələnməsi təkcə təsəvvürlər və düşüncələrlə əlaqədar deyildir, həm də insanı hazırkı anda həyəcanlandıran, narahat edən şeylərdən də asılıdır. Beynimizin nəyi qavramasından və bizim nə haqda düşünməyimizdən asılı olmayaraq, hamısı yaddaşda qorunur və lazımi zamanda yenidən təsəvvürə gətirilir.
Yaddaşın iki cəhəti vardır: şəxsi və ümumi. Yaddaşın birinci növü fərdi təcrübəni toplayır, hər bir insanın şəxsi tarixçəsini, vacib və ikinci dərəcəli olmasından asılı olmayaraq gündəlik hadisələri yazır, keçmişin hər anı haqqında bilik verir. İkinci növ – ümumi yaddaş insanı ətraf mühitlə bağlayır, öz mənliyini və xarakterindəki cizgiləri dərk etməkdə, ətrafdakı müxtəlif insanlar və hadisələrlə tanış olmaqda kömək edir. Yaddaş, beləliklə, konkret insanla onu əhatə edən dünyanı birləşədirən bağlayıcı həlqə kimi çıxış edir. O, cəmiyyəti dağılmağa qoymayan bağlayıcı həlqədir, o, keşmiş, hazırki və gələcək arasında əlaqədir.
Yaddaş proseslərinə aşağıdakılar aid edilir:
A. Yadda saxlama.
B. Xatırlama.
C. Yaddaşda saxlanılan materialın tanınması (müəyyən edilməsi).
D. Zaman ardıcıllığı.
Qavranılmış hər şey yaddaşda qalır və qorunur, lazımi anda isə təsəvvürə gətirilir. Yaddaşda bağlanmış hər bir surət və predmet bir-birindən ayrılmış vəziyyətdə, bu və ya digər təəssüratın qeydə alındığı zaman isə dəqiq göstəriliş halda olur.
Beləliklə, yaddaş – yazır və qoruyur. O, dörd funksiyanı yerinə yetirir. 
A. Yadda saxlama 
Yadda saxlama prosesini anlamaq olduqca çətindir və onu nəzərdən keçirməkdən ötrü psixoloqlar analogiyalardan istifadə etmək məcburiyyətindədirlər. Bəziləri onu informasiyanın saxlandığı arxivə bənzədir, digərləri onu üzərində müxtəlif işarələrin çəkildiyi qumla müqayisə edirlər. Bəziləri isə onun fotoplastinka üzərində izlər qoyan fotoaparatla oxşarlığının olduğunu söyləyirlər. Psixoloqların bir hissəsi yadda saxlama qabiliyyətinin informasiyanın maqnitofon lentinə yazılmasına və lazımi anda yenidən oxudulmasına oxşadığına diqqət yetirirlər.
Həmçinin belə bir fikir də mövcuddur ki, bizim daxili “mən”ə təsir göstərən bütün hərəkətlər, reaksiyalar və duyğular yaddaşda öz izini qoyur. Beləliklə, təəssüratın yadda saxlanması və qorunması insan şüurunun əsas xassələrindən biridir. İnformasiyanın yaddaşda iz buraxması və qorunması müəyyən şəraitlərdə baş verir.
Yadda saxlamanın müvəffəqiyyəti, yaddaşa qəbul olunanın qorunması insanın cəmləşməyindən (konsentrasiya), onun diqqətindən asılıdır. Bu prosesin normal getməsindən ötrü insan öz fiziki sağlamlığına diqqət yetirməli, sağlamlığa zərər vuran vərdişlərdən uzaq durmalıdır. Çünki sağlamlığın yaddaşın funksional fəaliyyətinə bilavasitə təsiri vardır və xəstəliklərdən əziyyət çəkən insan, təbii ki, güclü yaddaşa malik ola bilməz. Yaddaşını möhkəmləndirmək istəyən şəxs öz sağlamlığını möhkəmləndirməkdən ötrü müəyyən addımlar atmalıdır: alkoqollu içkilərdən və siqaretdən imtina etməli, təmiz havada çox vaxt keçirməli, yuxu rejimini gözləməli, həddindən artıq yemədən və pis ehtiraslardan özünü gözləməlidir.
Yadda saxlama prosesinə və informasiyanın yaddaşda qorunmasına müəyyən psixoloji amillər də təsir göstərir:
1. Təəssüratın parlaqlığı. Təəssürat qavrama anında daha parlaq olur və bundan sonra o yaddaşa keçir. Demək olar ki, hər bir insanın həyatında nə vaxtsa yaddaşından heç vaxt silinməyən hansısa hadisə baş verir. Əgər yaddaşı fotoaparata bənzətsək, fotolentdə şəkilin aydınlığı işığın mənbəyindən asılı olduğu kimi, yaddaş da təəssüratın parlaqlığından asılıdır. Məlumdur ki, bu və ya digər hadisə insana nə qədər güclü təsir göstərərsə, o onun yaddaşında bir o qədər dərin və parlaq iz qoyacaqdır.
2. Həyəcanın dərəcəsi. Keçmişin yaddaşda qorunması duyğularla sıx əlaqədardır. Güclü həyəcan yadda saxlamanın möhkəmliyinə və dəqiqliyinə yardım edir. Güclü sevinc və kədər törədən hadisələr yadda daha yaxşı qalır, nəinki insanın laqeyd yanaşdığı hadisələr. Əgər yaddaşı böyük dənizlə müqayisə etsək, onda həyəcanı küləyin qovduğu dalğalara bənzətmək olar. Külək gücləndikcə dalğalar bir o qədər hündür və dalğalararası çökəklik isə dərin olacaqdır.
3. Konsentrasiya səviyyəsi. Konsentrasiya yaddaşa güclü təsir göstərir: insan hər hansı predmetə nə qədər çox diqqət yetirərsə, onu bir o qədər çox yadda saxlayacaqdır. Bəzi adamlar informasiyanı tez yadda saxlayıb, onu tez də unudur, digərləri isə informasiyanı yadda saxlamaqdan ötrü xeyli səy göstərir, onu uzun müddət unutmurlar. Əlbəttə, qum təpəsinin üstündə nəsə yazmaq, mərmər üzərində yonmaqdan asandır, lakin daş üzərinə yolunmuş yazı əsrlərlə qaldığı halda, qum üzərində yazılanlar küləyin yüngül əsməsi ilə yox olurlar.
Konsentrasiya qabiliyyəti, diqqətin səfərbərliyə alınması yaddaşa böyük kömək edir, belə ki, yadda saxlanılan predmet və hadisəni daha aydın edir. Bütün qeyri-müəyyən, aydın olmayan predmet və hadisələr çox çətinliklə yadda qalır və asanlıqla unudulur, lakin aydın və anlaşılan olanlar isə yaddaşa asanlıqla yazılır və uzun müddət orada qorunur.
Gərginləşmiş diqqət böyüdücü şüşədə cəmləşdirilmiş günəş şüalarına bənzədiyi halda, diqqətsizliyi adi şüşədən keçən şüalara oxşatmaq olar. Böyüdücü şüşədən keçən şüalar o dərəcədə cəmləşirlər ki, onların düşdüyü yerdə temperatur yandırmaq həddinə çatır, halbuki adi şüşədən keçən şüalar səthi qızdırmaq qabiliyyətində olmur. Bu əyani nümunə güclü yaddaşın inkişafından ötrüKonsentrasiya qabiliyyətinin nə qədər əhəmiyyətli rol oynadığını göstərir.
4. Nizam-intizam. Əgər yaddaş prosesləri nizam-intizama tabe olarsa, bizim yaddaşımız möhkəm, fikirlərimiz daha aydın və açıq olar. Əqli fəaliyyətimiz isə yaxşılaşar. Bu səbəbdən şer nəsrə nisbətən daha asanlıqla yadda qalır. Əgər nəsr aydın və məntiqlidirsə, o daha asanlıqla yadda qalır, nəinki, rabitəsiz və məqsədsiz yazılmış yazılar.
5. Təkrarlama. Əzbərləmə - yadda saxlama prosesində əhəmiyyətli əməliyyatlardan biridir. Əksər insanlar təkrarlamadan az və ya çox miqdarda informasiyanı yadda saxlaya bilmirlər. Çox vaxt elə olur ki, biz materialı qeyri-ixtiyarı yadda saxlayırıq, sadəcə ona görə ki, bizim üçün maraqlı olub-olmamasından və ya onu yadda saxlamağı istəyib-istəməməyimizdən asılı olmayraq, biz onu tez-tez təkrarlayırıq. Bəzi mütəxəssislər hesab edir ki, yadda saxlama prosesi və təkrarlama ayrılmazdır.

B. Xatırlama 
Əvvəllər mənimsənilmiş materialın xatırlanması həm ixtiyarı, həm də qeyri-ixtiyarı, yəni öz-özünə və ya iradi aktın köməkliyi ilə baş verə bilər.
Uzun müddət yaddaşın gizli yerində qorunmuş fikirlər, çox vaxt öz-özünə düşüncəyə qayıdır. Məsələn, insan müəyyən problemin həllini bilir və onun bütün səyi onun üzərində cəmləşmişdir. Qəflətən nə vaxtsa bildiyi musiqi yadına düşür və o, tıqqıldadaraq onu çalmağa başlayır. Ola bilsin ki, bu melodiya gün ərzində, hətta insan bunu arzulamasa da onun başından çıxmasın. Bu melodiya ona elə “yapışa” bilər ki, onun fikirlərinə mane ola bilər və o, hətta bu hücum qarşısında özünü aciz hiss edə bilər.
Əgər fikirlər və ideyalar yaddaşda güclü iz qoyursa, onlar asanlıqla yenidən ortaya çıxır və bu zaman indiki obrazlarla yaddaşın dərinliyindən qəfildən ortaya çıxmış keçmiş xatirələr arasında konfilkt yaranır. Bəzən elə olur ki, keçmiş sanki “cilovdan çıxıb” bizim fikirlərin axdığı yolları tutur və ani yaranmış hisslərə yer qoymur.
C. Obrazların tanınması
Obrazların tanınması – yaddaşın vacib funksiyasıdır. İnsan bir fikri digərindən fərqləndirmək istəyəndə bu fikrin təxəyyülün məhsulu deyil, yaddaşdan gəldiyinə və lazımi vaxt onun yaddaşın anbarına qoyulduğuna şübhə etməməlidir. Bu səbəbdən tanıma ilə zaman amilini bir-birindən ayırmaq olmaz. Əgər tanınma bu şəkildə baş verirsə, materialın yaddaşın lazımı özəyindən götürüldüyünə şübhə qalmır.
İnsan başqa adamı görəndə və ya hansısa mahnını eşidəndə, bu adamı əvvəllər gördüyünü və ya bu mahnını əvvəllər eşitdiyini dəqiq bilməlidir, yəni gördüyü və eşitdiyini yaddaşında olduğuna uyğun gəldiyinə əmin olmalıdır, yəni əvvəlki təəssürat məhz indi yaddaşdan çağrılmışdır.
Yaddaşdan götürülmüş materialla cari duyğu arasında fərq mövcuddur:
1. Qavrama xatirədən, şübhəsiz ki, güclü və aydındır. İngilis filisof, bioloq, antropoloq və sosioloqu Herbert Spenserə görə, predmetlərin qavranması güclü, xatırlanması isə zəif amildir. Məsələn, bir turist Paris Noterdam kilsəsinə baxdıqdan bir-neçə gün sonra gördüklərini yadına salmaq istəyəndə, o artıq bütün detalların yadına düşmədiyini və bu abidə ilə bağlı xatirənin onun bilavasitə qavramasından zəif və qeyri-müəyyən olduğunu aşkar edəcəkdir.
2. Qavrama – qeyri-iradi aktdır və qavrama bizim şüurumuza zorla daxil olur. İnsan abidə qarşısında açıq gözlə duranda, onu görməkdən ötrü xüsusi səy göstərməyə ehtiyac yoxdur. Lakin onun yenidən xatırlanması iradi aktın nəticəsində baş verir. Onun haqqında təəssürat ya yaddaşdan itəcək, ya da ondan yenidən ortaya çıxacaqdır.
3. Qavrama və ya təsəvvürə gətirmə nə vaxtsa yaşanmış başqa təəssüratları törədir. Məsələn, mən masaya baxanda, evdəki kitabxanam və oradakı gözəl kitablar yadıma düşür və mən işimlə bağlı hər şeyi xatırlayıram. Lakin cari təəssüratlar yaddaşda zəif iz qoyur. Məsələn, ticarətçinin evində gördüyüm masanı yada salmaqla mən eyni zamanda kitabxanamda qoyulmuş masanı da təssəvvürümə gətirirəm. Sonuncu təəssüratın intensivliyi, məhz mənim şəxsi masamın görüntüsü, ticarətçinin masasının surətini dəyişir, onu zəiflədir.
D. Zaman amili
Qavramanın zaman spesifikası – yadda saxlama və yenidən canlandırılmanın sonuncu mərhələsi – yenidən canlandırılan təəssüratın konkret zamana aid etmək bacarığıdır. Fərqləndirmə mərhələsi qurtarandan və yaddaşda ortaya çıxmış təəssüratın yeri müəyyən edildikdən sonra meydana çıxma qaydasından asılı olaraq ona müəyyən vaxt qoyulmalıdır. Məsələn, mən hansısa şəhərə etdiyim səyahəti xatırlamağa başlayıram. Mən ilk öncə əminəm ki, səyyahət doğrudan da baş veribdir, lakin vaxt keçdiyinə görə onun nə vaxt, ilin hansı dövründə olduğu yadımdan çıxıbdır. Bu hadisənin dəqiq vaxtını təyin etməkdən ötrü mən keçmişə doğru hərəkətə başlayıram, hissə-hissə bu səyahətə aid hadisələr zəncirini üzə çıxarmağa başlayıram. Araşdırma prosesində səyahət zamanı baş vermiş bir hadisə yadıma düşür. Mən mehmanxanaya daxil olanda sobada odun yanırdı və xidmətçidən xahiş etdim ki, mənim otağıma da bu cür odun gətirsinlər, çünki mən istisevərəm. Bu an mənim yadıma düşdü ki, səyahət qış zamanı baş vermişdi. Beləliklə, səyahətin baş vermə vaxtının təyin edilməsi problemi həll edildi və mənim tədqiqatım başa çatdı.
Əgər “Mən” və şüur arasında qarşılıqlı əlaqə baş verirsə, onda keçmiş hadisələrlə və onların baş verdiyi zaman arasında əlaqənin təyini məsələsi mürəkkəblik təşkil etmir. Biz yaddaşımızda yazılmış hadisələr silsiləsini axıra kimi asanlıqla izləyə bilərik. Lakin bu sadə məsələ deyildir, belə ki, bəzi təəssüratlar, obrazlar, fikirlər zaman keçdikcə zəifləyir və ya silinir və onların xatırlanması demək olar ki, mümkün olmur. Burada, yaddaş prosesinin daha bir cəhəti - unutma prosesi fəaliyyət göstərir.
Lakin zaman ardıcıllığı dərk ediləndə və keçmişin obyektləri müəyyən vaxt və məkanda yerləşdiriləndə sabit və əhəmiyyətli material üçün yadda saxlama və xatırlamanın sonuncu mərhələsini tamamlanmış hesab etmək olar.

No comments:

Post a Comment