Saturday, October 1, 2016

YADDAŞIN NÖVLƏRİ


Yaddaş proseslərini tədqiq edən psixoloqlar yaddaşın müxtəlif növlərinin olduğunu və insanların materialı yadda saxlamağın və qorumağın müxtəlif qabiliyyətlərinə sahib olmasını müəyyən etmişlər. Bu fərqlər irsiyyət, qavrama, bu və ya digər duyğunun inkişaf dərəcəsi, yaş və s. ilə izah edilir. Yaddaşın funksional qabiliyyəti insanın fərdi xüsusiyyətindən asılıdır və bu baxımdan cəmiyyətin bütün üzvləri bir-birindən fərqlənirlər.
Yaddaşın növlərə ümumi bölgüsü duyğularla bağlı olan xarici yaddaşı, məzmunu abstraksiyalar, fikirlər olan şifahi-məntiqi yaddaşdan ayırmağa imkan verir. Duyğularla bağlı olan yaddaş aşağıdakılara bölünür:
A. Görmə yaddaşı.
B. Eşitmə yaddaşı.
C. Hərəkətli yaddaş.
Hər bir insanda yaddaşın bu növləri müxtəlif cür inkişaf edə bilər: məsələn, rənglər, formalar və obrazlar, məkan nisbətləri, yəni görmə yaddaşı rəssamlar, heykəltaraşlar və mühəndislər üçün əhəmiyyət kəsb etdiyi halda, eşitmə yaddaşı musiqiçilərdə yaxşı inkişaf etmişdir və onlar uzun musiqi frazalarını yadda saxlamaq qabiliyyətindədirlər. Yaxşı məlumdur ki, görə bilən insanlara nisbətən korlar əşyaları əllə yoxlamaqla daha yaxşı fərqləndirirlər, ona görə də toxunmaqla hiss etmək yaddaşı onlarda daha yaxşı inkişaf etmişdir.
Fikirlər və abstraksiyalarla bağlı yaddaşın növləri də öz inkişafına görə, məsələn, riyazi, fəlsəfi və təbiətçi qabiliyyətlər fərqləndirilirlər. Ona görə də yaddaşına görə insanlar aşağıdakı kateqoriyalara bölünürlər: bəzilərində görmə yaddaşı üstünlük təşkil edir və onlar gördükləri obrazları daha yaxşı yadda saxlayır; bəzilərində eşitmə yaddaşı üstünlük təşkil edir və onlar eşitdikləri təəssüratları daha yaxşı yadda saxlayır; digərlərində isə hərəkətli yaddaş yaxşı inkişaf etmişdir və onlar əzələnin hərəkəti ilə bağlı bütün hadisələri, o cümlədən yerimə, yazma, fiziki cəldliyi daha yaxşı yadda saxlayırlar.
Amma etiraf etməliyik ki, yaddaşın bütün növləri bir-biri ilə qarşılıqlı əlaqədədir və bir-birindən təcrid edilmiş halda deyillər. Lakin müxtəlif insanlarda yaddaşa təsir göstərən amillər müxtəlif cür ifadə olunmuşdur və əgər birində hansısa amil aparıcıdırsa, digərində həmin amil asılı, ikinci dərəcəli rol oynayır. Hər bir insanda yadda saxlama və qoruma qabiliyyətinin tamamlayıcı səciyyəsi bu amillərin məcmusu kimi müəyyən olunur.

No comments:

Post a Comment