Friday, September 30, 2016

VALİDEYNLƏRƏ EHTİRAM


Ana və ataya hörmət və ehtiram hər bir dinin əsas müddəalarına daxil olduğu kimi, mülki qanunlar külliyatında da öz yerini tapmışdır. Bunun mənəvi və insani əhəmiyyəti böyükdür. Valideynlərə hörmət və ehtiram ailəni xarici təsirlərdən qorumağa qabildirsə, onda cəmiyyətin əsasını təşkil edən ailə sarsılmaz qalaya çevrilər.
Cəmiyyətin tənəzzülünün, millətlərin məhvi və yerdə həyatın yox olmasının qısa yolu ailədə sabitliyin pozulması, ailənin dağılmasının ən yaxşı üsulu isə valideynlərə hörmətsiz yanaşmaq, onları alçatmaq, yaşlıları nüfuzdan salmaqdır. Uşaqları valideynlərinə qarşı qaldıran və onlarda analarına və atalarına qarşı qiyamçılıq hissi yaradan, sözləri və əməlləri ilə itaətsizliyə və zidd fikrə təhrik edən kəs, şübhəsiz ki, ailəyə ziyan vurur. Uşaqlara itaət və ehtiramın vacibliyini dərk etməyə kömək edən, uşaq ürəklərində ata və anaya bağlılığı möhkəmləndirən kəs isə cəmiyyət quruculuğuna böyük töhfə vermiş olur.
Bəs, valideynlərə ehtiram etməyi uşaqlara necə öyrətmək olar?
1. Uşaqlar danışmağa və anlamağa başladığı andan başalayaraq, ata və ana onunla çox böyük hörmətlə rəftar etməli, heç vaxt kobudluğa yol verməməli və nalayiq sözlərdən istifadə etməməlidirlər. Valideynlər bir an belə düşünməməlidirlər ki, uşaqlar guya pisi yaxşıdan ayıra bilmir və onlara qarşı münasibəti dərk etmirlər. Əksinə uşaqların ürəyi böyüklərinkindən dəfələrlə həssasdır. Onlar tez sınandır və sizin davranışınızdakı ən kiçik detallara belə olduqca həssaslıqla yanışırlar.
Bir çox ailələlərdə bu əhəmiyyətli prinsipə əhəmiyyət verilmir və nəticədə uşaqlar kobud, səbrsiz, tərs, valideynlərə qarşı hörmətsiz böyüyürlər. Bəzi ölkələrdə belə bir məsəl var: “Gənclərə hörmətlə yanaşan böyük, gənclərdən hörmət görər”.
Valideynlər öz övladlarına həmişə ehtiramla yanaşmalı, onlarla hesablaşmalı və onlara şüurlu və həssas insani varlıq kimi baxmalıdırlar. Əsəbi, tez özündən çıxan valideynlər də həmçinin öz davranışlarına nəzarət etməyə cəhd etməli və çətin vəziyyətlərində kobudluq və qəzəbə yol verməməlidirlər. Bundan əlavə, fiziki cəzanın bütün növləri istisna edilməlidir. Uşaqların tərbiyəsində kobudluq – hətta bunun mümkünlüyü fikri belə, - heç bir halda yolverilməzdir, çünki uşaqlara hörmətsiz münasibət məhəbbət və bağlılığın bütün izlərini onların ürəyindən tədricən silib aparır. O faktı da inkar etmək olmaz ki, valideynlər öz uşaqlarına ehtiramla yanaşanda, onlar öz ləyaqətlərini də qoruyub saxlamış olurlar, əks halda uşaqlar tədricən kobud və ədəbsiz olurlar.
Uşaqlarla gündəlik ünsiyyətləri zamanı atalar və analar onların ləyaqət hissini alçaltmamalı və uşaqların qəlbinə dəyməməkdən ötrü hər deyəcəkləri sözü ehtiyatla seçməlidirlər. Valideynlər bu qaydanı gözləməyəndə uşaqların valideynlərinə qarşı normal bağlılıq hissi yox olur. Uşaqlara qarşı hörmət və diqqət, əksinə, onlarda həm valideynlərinə, həm də müəllimlərinə qarşı məhəbbət və bağlılıq hissi yaradır. Təlim-tərbiyənin müdrik metodları isə bu bağlılıq və alicənablıq dərslərini sarsılmaz dostluq telləri ilə möhkəmlədirir.
2. Atalar və analar öz hakimiyyətlərindən sui-istifadə etməməlidirlər. Əgər uşaq hansısa göstərişi yerinə yetirmək gücündə olmadığına və ya axıra çatdıra bilməyəcəyinə əmindirsə, valideyn tərəfindən hədsiz inadkarlıq və təkid, onun uşağın hörmətinin itirilməsinə gətirib çıxara bilər. Əgər valideyn bununla kifayətlənməyib, uşağın görəcəyi işi sərt hərəkətlər və kobud sözlərin köməyi ilə ona etdirmək istəyirsə, o, uşağın müqaviməti, tərslik və itaətkarsızlığı ilə üzləşməli olacaqdır. Ona görə də valideynlər uşaqlara verdikləri tapşırıq və göstərişləri diqqətlə ölçüb-biçməlidirlər. Əgər o uşağın imkanı xaricindədirsə, onun haqqında uşağın yanında danışmağa belə dəyməz. Uşaqlarda özünü göstərən tərslik və ədəbsizliyin əsasında bu prinsipin gözlənilməməsi durur.
3. Erkən yaşlarından uşaqlar valideynlərə itaət ruhunda tərbiyə olunmalıdırlar. Bu mövzuda şair və alimlərin poetik əsərlərindən uşaqlara parçalar oxumağı və izah etməyi valideynlərə tövsiyə edərdik. Həm də izahat sadə və anlaşılan dildə, bəzən müzakirə formasında, bəzən isə keçmiş və indiki dövrün nümunələrindən və ibrətamiz hekayələrdən istifadə olunmaqla edilməlidir. Uşaqlarda itaətsizliyin və qəbahətli davranışın qarşısı alınmalıdır, hətta günah, xəta haqqında fikir uşağın ağlına belə gəlməməlidir. Əgər uşaq valideynlərinə qarşı hörmətsiz hərəkət edirsə, valideyn elə həmin an onun diqqətini etdiyi hərəkətə yönəltməli və ona izah etməlidir ki, tərbiyəli və yaxşı uşaqlar bu cür hərəkət etmirlər, onun bu hərəkətləri onları kədərləndirir və bu hərəkətlərin onun üçün mənfi nəticələri ola bilər. Bunlar uşaqları böyüklərə qarşı işlətdiyi hörmətsiz söz və əməllərdən çəkindirməkdən ötrü lazımdır.
4. Valideynlər övladlarını ata və analarına qarşı hörmətsiz yanaşan, onların hərəkətlərini tənqid edən, valideynlərindən yad adamlara şikayət edən uşaqlarla dostluqdan çəkindirməlidirlər. Bunu müdrikliklə etmək lazımdır. Uşaqlar üçün pis dostlardan təhlükəli heç nə yoxdur. Doğru deyiblər, “pis dostun vurduğu ziyan ilanın çalmasından təhlükəlidir”.
5. O da məlumdur ki, ana uşaqların yanında atanın hörmətini aşağı salan söz deməməlidir və eynilə ata heç bir halda ananı uşaqların yanında alçaltmamalıdır. Valideynlər arasında yaranmış inciklik və ixtilaf ailənin xoşbəxtliyinə və rifahına dağıdıcı təsir göstərir.

No comments:

Post a Comment