Friday, September 30, 2016

İKİÜZLÜLÜK VƏ RİYAKARLIQ


İkiüzlülük və riyakarlıq həmişə mənəviyyat müdafiəçiləri tərəfindən pislənmişdir. Onlar bu mənfur keyfiyyətlərin kökünü kəsməyə və mötədillik yolunu tutmağa çağırmışlar. Kimsə bu keyfiyyətlər haqqında deyilənləri bir yerə toplamağa cəhd etsəydi, kifayət qədər həcmli əsər alınardı. Lakin ikiüzlülük bizi tərbiyə nöqteyi-nəzərindən maraqlandırır, çünki valideynlər bu vərdişin fəlakətinə əmin olmalı və var gücləri ilə uşaqlarını ondan qorumalıdırlar. İkiüzlülük, riyakarlıq, yəni insanın dediyi ilə düşündüyünün uyğun gəlməməsi, nəsildən-nəslə, valideynlərdən övladlara ötürülən, demək olar ki, hamıda öz izini qoyan yolxucu mənəvi xəstəlikdir. Bu xəstəlik yayıldıqca, bizim cəmiyyətə bir o qədər viranedici təsir göstərir, onun əsaslarını dağıdır və insanlararası münasibətləri korlayır. Bir nümunəni nəzərdən keçirək:
Ata və ana evdə oturub öz aralarında söhbət edirlər. Valideynlərinin söhbətinə qulaq asan uşaqlar atalarının qonşuda yaşayan kişi haqqında pis danışdığına və tez-tez onu ittiham etdiyinə diqqət yetirirlər. “Bizim qonşu kimi pis adam görməmişəm." – ata deyir, "Pullarını küpdə gizlədir, amma arvad-uşağı normal yemək və geyinmək imkanından məhrumdurlar. Bütün ailə bu insanın xəsisliyindən və qəddarlığından əziyyət çəkir”.
Qapının döyülməsi onun sözünü yarımçıq kəsir. Qapını döyən haqqında ata və ananın danışdığı qonşu idi. Məsum uşaqlar atalarının “zalım” qonşunu sərt qarşılayıcağını və hətta qapıdan qovacağını gözləyirlər. Lakin onların gözlədiyinin əksi olaraq, valideynləri qonşunu mehribanlıqla evə dəvət edirlər və ata gülər üzlə ona deyir: “Xoş gəlmişsiniz! Nə yaxşı ki gəldiz...”
Hadisələrin bu cür dönüşündən heyrətlənmiş və heç nə başa düşməyən uşaqlar gah atanın, gah ananın, gah da qonşunun üzünə baxır, nəsə anlamağa cəhd edirlər, lakin bunu bacarmayaraq, çaşqın vəziyyətə düşürlər.
Nəhayət qonşu gedir və söhbət yenə öz əvvəlki məcrasına qayıdır. “Gördünüz, bu insan vaxtımızı necə aldı? Məndən olsa ondan 10 metr aralı gəzərəm...” – deyə, ata daha böyük hiddətlə söhbətini davam etdirir.
Məhz bu yolla ikiüzlülük və riyakarlıq toxumu uşaqların ürəyinə və ruhuna düşür. Sonralar, məktəb illərində onlar cücərti verərək, riyakar davranış uşağın ikinci xasiyyətinə çevrilənə kimi sürətlə böyüməyə başlayırlar. Həqiqi alicənablığın əsas keyfiyyəti olan doğruluq itəndə əksər insanlarla bu cür hallar baş verir.
Analar və atalar uşaqların qəlbinə bu toxumun düşməməsindən ötrü çox çalışmalıdırlar. Burada da təlim-tərbiyənin qızıl qaydası tamamilə qəbul olunandır: yəni uşaqların bu cür davranışlara yol verməməsindən ötrü onlar ailədə ikiüzlülük və riyakarlıqla üzləşməməlidirlər.

No comments:

Post a Comment