Friday, September 30, 2016

QEYBƏT ETMƏK VƏRDİŞİ


Qeybət - başqaları haqqında dedi-qodu ilə məşğul olmaq, onlar haqqında bədxahlıqla danışmaq vərdişinə deyilir. İnsanlar onlar haqqında arxalarınca deyilənləri eşitmiş olsaydılar, əlbəttə, özlərini dərindən təhqir olunmuş hesab edərdilər. Bu sosial bəla öz qurbanlarını "öldürmək", onların düşüncələrini dumanlandırmaq, ruhlarına ziyan vurmaq və ürəklərində məhəbbət alovunu söndürməklə epidemiya kimi yayılmışdır.
Təcrübə göstərir ki, insan təbiətinin heyvani hissəsi adətən onu bu vərdişə doğru sürükləyir. İnsana arzular və ya eqo hakim kəsiləndə, o ətrafdakıları ittiham edir, onlara şər atır, bədnam şayiələr yayır, qeybət edir və bundan həzz alırlar.
Sosioloqlar, mütəfəkkirlər, yüksək əxlaq sahibləri, yazıçılar, şairlər bu vərdişdən uzaq durmağı düzgün sayırlar. Bu çağırışlar bəzən tövsiyələr şəklində, bəzən isə ibrətamiz hekayətlər şəklində verilir.
Lakin qeybət, təqsirkar axtarışının və iftiranın mənəviyyat tərəfindən pislənməsinə baxmayaraq, təəssüflər olsun ki, bu vərdiş cəmiyyətdə çox geniş yayılaraq nəsildən-nəsilə ötürülür. Bu pis xəstəliyə düçar olmuş özü-özünü dağıdan dünya üçün dərman da xəstəliyin özü kimi “yapışan” olmalıdır.
Öz sevimli uşaqlarını qorumaqdan ötrü, valideynlər prinsipial olmalı, qeybətcil və iftiraçı insanlarla yaxınlıq etməməli, öz üzərlərinə başqaları haqqında pis danışmamaq kimi öhdəlik götürməlidirlər. Lakin valideynlər öz davranışlarına nəzarət edə bilmirlərsə, bunu hər halda uşaqların yanında etməsələr daha yaxşı olardı, çünki valideynlərin sözləri və əməlləri uşağın davranışına güclü təsir göstərir. Ana isə mənəviyyatın əsas qanunvericisi və öz uşaqları üçün davranış qaydalarının tərbiyəçisidir. Qeybət axını lap əvvəldən kəsilərsə, bu pis vərdiş valideynlərdən uşaqlara keçməyəcək və uşaqların bu pisliyə doğru gedən yolunun qarşısına etibarlı sipər çəkiləcəkdir.
Atalar və analar bu vəzifəni yerinə yetirilə bilməyən və ya həddən artıq çətin hesab etməməlidirlər. Müəyyən qədər səy göstərməklə dərindən kök atmış bu vərdişdən can qurtarmaq mümkündür.
Yuxarıda deyilənləri ümumiləşdirərək, qeyd edək ki, uşaqlar ailədə heç vaxt qeybət görməməli, eşitməməli və hətta duymamalı və öz evlərində təqsirkar axtarmamalıdırlar.

No comments:

Post a Comment