Friday, September 30, 2016

YENİYETMƏLƏRLƏ MƏSLƏHƏTLƏŞİN


Bir gün on səkkiz yaşlı gənclə söhbət edirdim, onu əvvəllər də tanıdığıma görə əhvalını, evdəki vəziyyətini soruşdum. O, heç çəkinmədən həyatından şikayətləndi, bədbəxtliyinin əsas səbəbkarları saydığı ata-anasının hərəkətlərindən kədərləndiyini bildirdi. Bir müddət sonra mən həmin ailə haqqında geniş informasiya əldə etdim və onların problemlərini araşdırdım. Aşkar etdim ki, ailə konfiliktinin əsas səbəbi minlərlə öz yaşıdları kimi bu gəncin buraxdığı ciddi səhvlər idi. Gəncin valideynlərinə qarşı iddiası onun düşünülməmiş mülahizələri ilə böyüklərin həyatı müdrikliyi arasında kəskin təzadın ortaya çıxması səbəbindən yaranmışdı. Lakin bu ailəni dərindən öyrəndikcə, mən anladım ki, ata və ana təlim-tərbiyənin düzgün prinsiplərini gözləməmiş, oğlanlarını dinləməmiş və bununla da bilə-bilə onda özlərinə qarşı bu cür münasibət yaratmışdılar.
Gənc mənə aşağıdakıları bildirdi: “evdə gələcəyim haqqında fikirlərimi, planlarımı söylədiyim zaman, atam və anam o dəqiqə sözümü kəsir, bir mənalı şəkildə mənə bu haqda danışmamağımı anladırlar. Mənsiz qərar qəbul edir və mənə ona sözsüz tabe olmağı tövsiyə edirlər. Mən bu qərarı düzgün hesab etmədiyimə və onlarla razılaşmadığıma görə, onlara könüllü tabe olmaq fikrində deyiləm. Mən onların tələblərinə tabe olanda belə, həmişə öz narazılığımı başqa yollarla bildirirəm. Nəticədə biz bir-birimizi tamamilə anlamırıq və məndə valideynlərimə qarşı nifrət hissi yaranır”.
Həyatdan götürülmüş bu nümunə bizə bir daha göstərir ki, uşaqları dinləmək və ailənin bütün üzvləri ilə məsləhətləşmək lazımdır. Uşaq yeniyetmə yaşına çatanda, ona aid bütün məsələlər onun bilavasitə iştirakı ilə səbr və diqqətlə müzakirə edilməlidir. Yalnız bu yolla ailədə yaxın münasibətlər və qarşılıqlı anlaşma əldə etmək mümkündür. Çətin və mürəkkəb məsələləri daha təcrübəli adamlarla, valideynlərlə müzakirə etməklə yeniyetmə problemin müxtəlif aspektlərini görə və özünün səhv düşüncəsini dəyişə bilər. Problemlərin həlli prosesində, bu və ya digər vəziyyətdə müxtəlif imkanların və nəticələrin qiymətləndirilməsi zamanı o, bilik və təcrübə əldə edəcək və onun valideynlərin başa düşməməsindən şikayət üçün bəhanəsi qalmayacaqdır.
Yeniyetmə qarşısında hansı problemin çıxmasından asılı olmayaraq, onun ailədə məqsədyönlü müzakirəsi vacibdir. Əlbəttə, öz fikirlərini bildirməkdən ötrü yeniyetmələrin özləri də bu müzakirələrdə iştirak etməlidirlər. Məşvərət prosesində yeniyetmə aşkar yersiz və ya qəbul edilə bilməyən fikir söyləyəndə, valideynlərə məsləhət görürük ki, xeyirxahlıq və nəzakətlə ona səhvlərini əsaslandırılmış şəkildə izah etsinlər. Əgər onu inandırmaq mümkün deyilsə, valideynlər hər halda öz dediklərinin üstündə durmalı və ona izah etməlidirlər ki, o axırda, şübhəsiz ki, valideynlərin qəbul etdiyi qərarın müdrikliyini dərk edəcəkdir. Uşaqlarla söhbət edərkən və onlarla məsləhətləşərkən valideyn də istər-istəməz onlarla birgə bu və ya digər problem haqqında fikirləşir və götür-qoy edir. Bu cür psixoloji yanaşma uşaqların tərbiyə prosesində bəzi problemləri həll etməyə imkan verir.
1. Məşvərət xoşbəxtliyin fundamental elementlərindən biridir və hər bir ailədə o, əsas kimi götürülməlidir.
2. Uşaq yaşlarından məsləhətləşmək və məşvərət etmək vərdişi əldə etmiş yeniyetmə ünsiyyət etməyi öyrənir, məntiqi təfəkkürə yiyələnir.
3. Uşaqları tərbiyə edərkən valideynlər, yeniyetmələrin duyğularını, emosiya və ehtiyaclarını nəzərə almalı, onların meylləri ilə hesablaşmalıdırlar. Onlar uşaqların düşüncələrini və mühakimələrini düzgün məcraya yönəltməklə onlar üçün həqiqət yolunu açırlar.
4. Yeniyetmələr öz valideynlərində danışıqsız itaət və tələblərini yerinə yetirməyi tələb edən amiranə, avtoritar insanları görməyəcəklər.
5. Sürətlə yetkinləşən yeniyetmələr bir çox mürəkkəb məsələlərlə rastlaşırlar. Valideynlərlə problemi müzakirə edib, onu dərk etdikdən sonra, yeniyetmələr böyüklərlə birgə qəbul etdikləri qərarı könüllü şəkildə yerinə yetirməyə başlayacaqlar.
Valideynlərin uşaqlarla danışmaq bacarığı yaxşı nəticələr verir. Ona görə də ailədə yaranmış çətinlikləri məhz bu yolla həll etməyi israrla tövsiyə edirik.

No comments:

Post a Comment