Friday, September 30, 2016

UŞAQLARIN ŞAHİDLİYİ


Əksər insanlar hesab edir ki, uşaqların gizli niyyəti, aldatmaq və ya həqiqəti gizlətmək istəyi yoxdur. Ona görə də onlar işin mahiyyətini olduğu kimi izah edir, eşitdiklərini və ya gördüklərini olduğu kimi, əsla azaltmadan və ya artırmadan təsvir edirlər. Düşünürlər ki, uşaqlar həmişə həqiqəti deyirlər. Lakin uşaqların müşahidəsi, gördüklərinin yanlış şərhi bir çox ailə konfliktlərinin səbəbinə çevrilir.
Ata və ana tərəfindən təlim - tərbiyənin əsaslarına və metodlarına əhəmiyyət verilməməsi, bu məsələdə fikir ayrılıqları, onların pedaqoji hazırlıqsızlığı, razılıq və qarşılıqlı anlaşma əldə etmək qabiliyyətlərinin olmaması uzun sürən ailə mübahisələrinə gətirb çıxarır. Bu mübahisələrdə ata və ya ana hakim rolunda, uşaqlar isə şahid sifətində “məhkəmə”də iştirak edirlər. Onlar “məhkəməyə” bəzən könüllü və həvəslə, bəzən isə təzyiq altında öz şahid ifadələrini təqdim etməli olurlar. Hakimlər, istər ata və ya ana olsun, fərqi yoxdur, uşaq şahidliyinin etibarlı olması fikrindən bərk yapışaraq (yəni uşaqlar həmişə həqiqəti deyirlər), ondan mübahisədə həlledici arqument kimi istifadə edirlər.
Məşhur psixoloqlar Frenç və German böyüklərin şahidliyini tədqiq edərək, belə bir ümumi rəyə gəlmişlər ki, onlara bu məsələdə həm özünü inandırmanın, həm də təxəyyülün təsiri vardır. Fransız psixoloqu Alfred Bin və alman psixoloqu Vilyam Ştern uşaqların şahidliyində doğru və yalanların öyrənilməsi və onların uşaq psixologiyası ilə əlaqəsi ilə bağlı bir sıra əhəmiyyətli eksperimentlər qoymuşlar. Nəticələrin hər tərəfli təhlilindən sonra belə bir nəticə əldə edilmişdir ki, uşaqların söylədikləri tamamilə həqiqətə uyğun hesab edilə bilməz və onlar qərar qəbul etməkdən ötrü çox zəif əsasdır. Təcrübə göstərir ki, həm uşaqların, həm də böyüklərin yaddaşı hadisələrin gedişatının bütün detallarını yadda saxlmaq qabiliyyətində deyildir və çox hallarda predmetin və ya hadisənin əsas mahiyyəti nəzərdən qaçırılır. Onlar bəzən həqiqətdə baş verəndən tamamilə fərqli şəkildə ortaya qoyulur.

No comments:

Post a Comment