Friday, September 30, 2016

UŞAQLARIN İSTƏK VƏ TƏLƏBLƏRİ


Uşaqların istək və tələblərinin idarəedilməsinin ağlabatan metodlarının tapılması pedaqogikanın ən vacib məsələlərindən biridir.
Valideynlər uşaqların bəzi arzularını yerinə yetirməli, digərlərini isə rədd etməlidirlər. Çünki uşaqlar yaxşı ilə pis arasında fərqi görmürlər, onların tələbi təsadüfi, arzuları isə ağlasığmaz ola bilər. Uşaqlar zənn edir ki, onların istədiyi hər şey həmin an onlara verilməli və istənilən xəyalları o dəqiqə gerçəkləşməlidir. Uşağı razı salmağı özünə bir borc bilmək – səhvdir. Bu yol uşaqda eqoizmi inkişaf etdirir. Digər tərəfdən, arzu və tələblərinin tam əksinə getməklə uşağı tərbiyələndirməyə cəhd etsək, o yaxınlarına (hətta doğma anasına) antoqonist münasibətdə böyüyəcəkdir.
Əksər uşaqlar, onlara nədəsə imtina etdikdə öz hiddətlərini biruzə verir və istəklərinin yerinə yetirilməməsi onlarda qəzəb və hirs yaradır. Onlar həmçinin öz narazılıqlarını sızıltı və ağlamaqla bildirirlər. “Sən məni daha sevmirsən”, - deyə uşaq sızıldıyanda ana özünü çıxılmaz vəziyyətdə hiss edir.
Buna bənzər hallarda uşaq psixoloqu valideynlərə uşağın ağılsız tələblərinə elə cavab verməyi tövsiyə edir ki, bir tərəfdən onu alçaltmasın, digər tərəfdən isə onun bütün şıltaqlıqlarına yol açmasın, ona nizam-intizamı pozmağa, özünü qüdrətli şəxsiyyət və ya diktator kimi hiss etməyə imkan verməsin.
Əksər hallarda valideynlər ifrat tərbiyə mövqeyini tuturlar və yalnız az bir qismi mötədillik (orta) yolu ilə hərəkət edirlər. Belə ki, bəzi valideynlər, xüsusən də analar, uşağa istədiyini etməyə icazə verir, onun bütün tələblərini, ağıllı və ya ağılsız olmasından asılı olmayaraq, bütün istəklərini yerinə yetirirlər. Uşağı hər necə olursa olsun istədiyini əldə etməyə alışdırırlar. Belə vəziyyətlərdə uşaq öz valideynləri və onu əhatə edən insanlarla hökmdar- diktator kimi rəftar edir.
Digər valideynlər tamamilə əksinə hərəkət edir, hətta uşağın qanuni və tamamilə məntiqi xahişini inkar edir, ona qarşı ehtiramsızlıq nümayiş etdirir və onun haqlarına məhəl qoymurlar. Onlar uşaqların təbii və normal istəkləri ilə tamamilə hesablaşmayaraq, onlarla sərt rəftar edirlər. Valideynlər “səsini kəs”, “əl çək”, “sənə deyiləni et” kimi əsassız tələblərlə uşağın zərif və həssas qəlbini qırırlar. Bu cür valideynlər uşaqla tabeçilik prinsipi əsasında münasibət qururlar.
Uşaqla rəftarda bu hər iki ifratçılıqdan qaçmaqdan və orta mövqedə durmaqdan ötrü valideynlər (xüsusən də əksər hallarda uşağın tərəfində duran analar) aşağıdakı tövsiyələri yadda saxlamalıdırlar:
1. Uşağın xahişini diqqətlə nəzərdən keçirməli və həqiqi ehtiyacla şıltaqlıq və ya tərslik arasında fərqi görməlidirlər.
2. Valideyn öz dediyinin üstündə durmalı, ardıcıl olmalı və eyni zamanda uşağın irəli sürə biləcəyi istənilən sağlam, dərrakəli və məntiqi tələbini rədd etməməli, ona səbəbsiz müqavimət və təzyiq göstərməməlidir. Valideynlər uşağın istədiyinə nail olmaqdan ötrü istifadə etdiyi təzyiqə qarşı durmağı bacarmalı, bu döyüşdə məğlub olmamalıdırlar. Bununla da uşaq tədricən dərk edəcək ki, valideynlər qətiyyət göstərərək onun şıltaqlıqlarını rədd edir, lakin onun dərrakəli və məntiqi xahişlərini yerinə yetirirlər.
Uşaqlar məhdudiyyətləri yalnız valideynlərinin inadcıllığı sayəsində dərk edirlər. Əgər valideynlər bir dəfə qəbul etdikləri qərarın üstündə daim dururlarsa, uşağın yalnız bir dəfə, xüsusən də anadan “yox” eşitməsi kifayət edəcəkdir. Qışqırmaq və səs-küy salmaqla öz istədiyini həyata keçirmək hətta onun ağlına belə gəlməyəcəkdir. Əgər məhdudiyyət ara-sıra tətbiq edilirsə və valideynlərin özləri unutqanlığın, ardıcılsızlığın, diqqətsizliyin nümunəsidirlərsə, onda bu cür tərbiyənin, əlbəttə ki, müsbət səmərəsi olmayacaqdır.Valideynlər tərbiyə prosesində aşağıdakı prinsipləri gözləməlidirlər: uşağın dərrakəli və münasib xahişlərini xeyirxahlıq və səbrlə yerinə yetirməli, onun şıltaqlıqlarına yol verməməlidirlər.
Bu metodun sosial cəhətlərinə görə əhəmiyyəti də eyni dərəcədə böyükdür və bizim onun üzərində dayanmağımız vacibdir.Uşaq tədricən dərk edəcək ki, cəmiyyətdə bəzi tələblər dərrakəli və məqbul hesab edildiyi halda, digər tələblər qeyri-məqbul və dərrakəsiz kimi qəbul olunur. Dəyərli və faydalı istəklər həyata keçirilməli, dəyərsiz və faydasızlar isə cəmiyyətin həyatından uzaqlaşdırılmalıdır.
Doqquz yaşlı uşaq anasına deyir: “Ana, mənim rəngli karandaşlarım qurtarıb, zəhmət olmasa mənə başqalarını ver. Mən dərslərimi etdikdən sonra, şəkil çəkmək istəyirəm”. Ana uşağın nəsə istəmək hüququnu tanımırsa, o, düşünmədən qətiyyətlə uşağa belə cavab verəcək: “Buna ehtiyac yoxdur. Sən yəqin ki, qələmləri yondurmaq, sındırmaq, əllərini və paltarını rəngə bulaşdırmaqdan ötrü istəyirsən və ümumiyyətlə sən mənasız şəkillər çəkirsən”.
Uşaq etiraz edir: “şəkillər məktəb üçündür, mən mütləq onları çəkməliyəm. Karandaşları şəkil çəkməkdən ötrü almadınmı?”
Uşağın haqlı olduğunu dərk edən, lakin səhvini boynuna almaq istəməyən ana öz təkidində davam edir: “sən fikirləşirsən ki, sənə alınan hər bir şeyi sındıra bilərsən?”
Nəhayət, özünün zəifliyini dərk edən uşaq anasından soruşur: “ev tapşırığını bitirdikdən sonra mən nə etməliyəm ?”
“Ev tapşırığını bitirdikdən sonra, böyüklər kimi yerində dinməzcə otur” – deyə ana cavab verir.
Anasının ona qarşı ədalətsiz hərəkət etdiyini düşünən uşaq onu ittiham edir, onun tələbinə tabe olmamaqdan ötrü çoxlu sayda səbəb tapır; əvvəlla, şəkil çəkməyi müəllim ona tapşırıb, ikincisi, o, böyüklər kimi sakitcə otura bilməz və s. Ona görə də uşaq özü üçün itaətsizlik strategiyasını seçir, valideynlərin qəbul etdiyi qaydalara müqavimət göstərməyə başlayır və bununla da kiçik yaşından ürəyində üsyankarlıq və itaətsizlik toxumu əkmiş olur.
Əgər valideynlər uşağın qanuni tələbini qəbul edir və yersiz qadağaları rədd edirlərsə, onda uşaq ana və atasının onun həqiqi dostları olduğuna, daim onun yaxşılığını istəyib, qayğısına qaldıqlarına əmin olcaqdır. Ona görə də onlarla razılaşıb, hər cür dəyərsiz istəklərdən və pis hərəkətdən uzaqlaşmağa çalışacaqdır.

No comments:

Post a Comment