Friday, September 30, 2016

UŞAQLARDA TƏRSLİK HALLARI


Uşaq suda oynamaq, gölməçədə üzmək istəyinə müqavimət göstərmək gücündə deyildir. Sevincək halı ona oynayarkən suya düşüb boğulacağını ağlına gətirməyə imkan vermir. O, maraqla ülgüc, qayçı, iynə, bıçaq kimi “oyuncaqları” əlində oynadarkən onlarda gizlənən təhlükəni hətta ağlına belə gətirmir. Bu əşyalar onu özünə o qədər cəlb edir ki, anası onları əlindən almağa cəhd edərkən, onun müqaviməti və etirazı ilə üzləşir. Analar bu cür vəziyyəti çox vaxt “uşağın qəti etirazı” kimi qiymətləndirirlər. Uşağın davranışını düzəltmək arzusu ilə onlar onu məzəmmət edir, cəzalandırır, zorla susdurmaq istəyirlər ki, bu da onların yalnız tərsliyini gücləndirir və tərbiyəsini korlayır.
Ana zorla bıçağı uşağın əlindən alır və onu öz yerinə qoyur və uşağa deyir ki, bu cür əşyalarla oynamaq olmaz. Lakin bir-neçə dəqiqədən sonra ana uşağın əlində yenə bıçağı görür və hirslə qışqırır: “Tez yerinə qoy. Sən nə başadüşməz uşaqsan. Nə qədər sənə deyərlər ki, bu cür şeylərlə oynamaq olmaz”. Ani yaranmış istəyindən imtina etmək və ananın tələblərinə tabe olmaq uşaq üçün çox çətindir, ona görə də o karıxmadan sakitcə bildirir: “Mən oynamaq istəyirəm. Əl çək məndən. Get öz işinlə məşğul ol”. Təbii ki, bu səhnə uşağın cəzalandırılması ilə bitəcək. Lakin şapalaq və təhqirlər kömək etməyəndə işə ata qarışmalı olur. Bu cür toqquşma və konfliktlərin pis nəticələri yaxşı məlumdur.
Uşağın tərsliyinin qarşısını almaqdan ötrü sərt üsullara əl atmadan bu problemi həll etməyə imkan verən bəzi tərbiyə qaydalarından istifadə etməyi təklif edirik.
1. Uşaqlar təbiətcə səbirsizdirlər, hərəkətlidirlər. Onlara öz fiziki bacarıqlarını məşğələlər və gimnastika vasitəsilə inkişaf etdirmək imkanı verilməlidir. Uşaqlarının səssiz-səmirsiz oturmağını istəyən valideynlər uşağın təbiətinə fitrətən qoyulanın əksinə hərəkət edir və uşaqlarla qarşılıqlı münasibətlərini bu yolla həllinə cəhd etməklə özlərini çətin məsələ qarşısında qoyurlar. Uşağa daha çox hərəkət etmək imkanı vermək və onu kifayət qədər azad buraxmaq lazımdır ki, müxtəlif vəziyyətlərdə təcrübə toplaya bilsin və nəhayət ciddi səbəb olmadan onu oyundan ayırmaq məsləhət görülmür. Uşaqlara sərəncamlarında bir-neçə oyuncağın və ya hansısa əşyaların olması kifayət edər. Bütün valideynlər, əgər bir qədər düşünsələr, uşağı (ailənin gəlirləri nəzərə alınmaqla) yaşına və maraqlarına uyğun oyuncaqlarla təmin edə bilərlər. Oyuncaqlar çox baha olmamalıdır: kubiklər, kağız vərəqlər, karandaşlar, qutular, gəlinciklər, maşınlar və bu səpgidən olan digər əşyalar uşağın başını qata bilər.
2. Uşaq təhlükəli işlə məşğuldursa, valideynlərə məsləhət görürük ki, güc tətbiq etməsinlər, gərginliyi azaltmaq üçün cəld və qətiyyətlə onun diqqətini nəyinsə üstünə yönəltsinlər. Məsələn, əgər uşaq əlinə ülgüc alıbsa, qorxu hissinin təsiri altında üstünə qışqırmaq və ya bu təhlükəli əşyanı əlindən güclə almaq əvəzinə, hansı ki, bu hərəkət onda etiraz və tərslik yaradacaq, valideynlərə uşağı hər hansı bir əşya ilə maraqlandırmağı tövsiyə edirik. Konfet və ya rəngli şəkil uşağı təhlükəli işdən ayırmaqda köməyə gələ bilər.
3. Uşaq təhlükəli işlə məşğul deyilsə, onda onu dayandırmamalı, ciddiyyət göstərilməmlidir. Məsələn, uşaq xalça üstündə oturub, təmiz kağız vərəqləri parça-parça edib, yerə tökür. Bu işin yeganə pis cəhəti odur ki, ondan sonra evi təmizləmək lazım gələcəkdir. Anaya uşağın üstünə qışqırmaq, onu qıcıqlandırmaq və işindən ayırmaq tövsiyə olunmur. Uşaqlara müəyyən hüdudlar daxilində azadlıq verilməlidir. Hədsiz ciddilik, hərəkətlərinə daim düzəlişlər etmək və məhdudlaşdırmaq uşağı əsəbi, dikbaş edir, səhv etdiyini bildiyi halda da onda tərslik yaradır. Uşaqda valideynə qarşı düşmənçilik münasibəti yaranır və onlar belə hallarda deyirlər: “Mənim anam həmişə mənə qarşıdır”, “ O, mənə hər şeyi qadağan edir”, “O, məni sevmir” və s. Əgər bu nifrət hissi artırsa, onda uşaqda valideynlərə münasibətdə mənfi baxış yaranacaqdır ki, bu da öz növbəsində onu pis davranışında inadkarlığa sürükləyəcək və bunun da nəticəsi pis olacaqdır.
4. Uşaqlar qaçmağı, açıq havada mütəhərrik oyunları, valideynləri ilə gəzintiyə getməyi sevirlər. Uşaqlar təbii şəraitdə böyüyəndə, oynayan zaman valideynləri tərəfindən səbəbsiz məhdudiyyətlərə məruz qalmırlarsa, onlar zaman-zaman özlərini ələ almağı, öz hisslərini idarəetməyi öyrənir və tərslik nümayiş etdirmirlər.

No comments:

Post a Comment