Əhdə vəfalı olmaq və verilmiş sözün üstündə durmaq kimi müsbət keyfiyyətlərin əsası erkən uşaqlıq dövründə qoyulur. Əgər cəmiyyətin üzvləri verdikləri vədlərə sədaqətlidirlərsə və razılaşmalara hörmətlə yanaşırlarsa, onda etibar darvazaları onların üzünə geniş açılacaq. Sözünün üstündə durmayan və cəmiyyətdə işlərin normal gedişini pozan adamların hansı narahatçılıqların mənbəyi olması yaxşı məlumdur.
Məsələn, siz dərziyə paltarınızı verirsiz, o da sizə paltarınızın hazır olacağı günü və saatı deyir. Lakin təəssüflər olsun ki, çox vaxt elə olur ki, sifariş vaxtında hazır olmur. Dərzilər, stilistlər, saatsazlar, optiklər, ticarətçilər – bir sözlə cəmiyyətin bütün təbəqələri – qeyri-ciddilik adlanan xəstəlikdən əziyyət çəkirlər. Əgər cəmiyyət bu qüsurdan xilas olmaq istəyirsə, onda müalicəyə uşaqlardan başlamalıdır. Elə etmək lazımdır ki, sözünün üstündə durmaq qabiliyyəti onlar üçün təbii keyfiyyətə çevrilsin və onlar verdikləri vədləri pozmağa vərdiş etməsinlər. Təəssüflər olsun ki, əksər atalar və analar bu cür əhəmiyyətli vərdişin inkişafına lazımınca əhəmiyyət vermir və öz davranışları ilə uşaqlarda qeyri-ciddilik tərbiyə edirlər.
Harasa tələsən ana uşağa vəd edir ki, əgər evdə qalsa və ağlamasa ona oyuncaq və ya konfet alacaq. Ana uşağa vəd verərkən, anlayır ki, nə oyuncaq, nə də konfet almaq imkanında deyil, onun yalnız bir məqsəd var, həmin an onu sakitləşdirmək. Ananın fikrincə, bu “xilasedici” yalanda pis şey yoxdur: bu addım uşağın ağlamasını kəsməsindən ötrü zəruridir. “Sadəlövh” uşaq, əlbəttə, bilir ki, əvvəllər də anası verdiyi vədləri yerinə yetirməyib, bununla belə yenə yeni ümidlə evdə qalır. O, hədiyyə almaq ümidi ilə gözlərinin yaşını silir və özünü yaxşı aparmağa çalışır. Nəhayət, əzablı gözləmə sona yetir, o, gəzintidən qayıdan anasının ayaq səslərini eşidir, sevinclə onun qarşısına qaçır və nəzərləri ilə onun əllərini axtarır. Ana, əlbəttə, uşağın onun belə asanlıqla verdiyi vədi yadda saxlamasına çox təəccüblənir və heç bir əzab çəkmədən vədinə əməl etmədiyini boynuna alır: “Aman Allah, görürsən, tamam yaddan çıxarmışam. Gələndə qonşu qadınla rastlaşdım və başım söhbətə qarışdı. Gələn dəfə sənə hər şey alacağam, arxayın ol”.
Uşaqların yerinə yetirilməmiş vədə reaksiyası müxtəlif olur: bəzi uşaqlar ağlayır, digərləri analarını yalançılıqda və xəsislikdə ittiham edir və s. Lakin nəticə bütün hallarda eynidir: bir halda ki, valideynlər verdikləri vədi tez-tez pozurlar, uşaqlar bundan nəticə çıxarır – “verilmiş vədə əməl etmək o qədər də vacib deyil, bir çox analar və atalar dediklərini etmirlər, demək, bu o qədər də pis şey deyil”.
Valideynlər və tərbiyəçilər yaxşı bilməlidirlər ki, vədə əməl etməmək vərdişi uşaqların tərbiyəsinə mənfi təsir göstərir. Bundan qaçmaqdan ötrü bütün mümkün olanı etmək lazımdır: ya ümumiyyətlə heç bir vəd verməməli, ya da əgər vəd verilibsə, o dəqiqliklə və istisnasız olaraq yerinə yetirilməlidir. Uşağa bir şey vəd verməmişdən əvvəl bir fikirləşin, bunu yerinə yetirə biləcəksinizmi? Uşağı aldatmaqdan ötrü yalan vədlər verməyin, çünki uşaqların qəlbinə səpilmiş hər cür tənəyə layiq bu vərdişin toxumları tezliklə cücərtilər verəcək, məhsul yetirəcək və onun iti tikanları bir çox problemlərin səbəbkarı olacaqdır.
No comments:
Post a Comment