Friday, September 30, 2016

ÖZÜNƏ NƏZARƏT


Hövsələsiz, tez-tez əsəbləşib özündən çıxan insan, adətən, öz düşüncələrinə, sözlərinə nəzarət etmək gücündə olmur.
Daxili təlaşı sakitləşəndə və sakit halına qayıdanda, həmin insan dediyi sözlərdən, tutduğu işdən peşmançılıq çəkir. Amma, şübhəsiz ki, “sonrakı peşmançılığı ona bir fayda vermir”.
Təlim-tərbiyə nöqteyi-nəzərindən bu cür təəssüfedici vəziyyət uşaqlar üçün kədərli nəticəyə malikdir. Çox vaxt elə olur ki, ata və ananın ağzından çıxmış bir neçə kobud, ürəksındıran söz böyük itkilərə səbəb olur və uşağın şəxsiyyət kimi inkişafına mənfi təsir göstərir.
Təsəvvür edin ki, ata və ana arasında məhəbbət və bağlılıq hissi soyuqluqla əvəz olunub. Hansısa səbəbdən arvad ərindən inciyib və onun ürəyində narazılıq və qəzəb yetişib. O, özünü ələ almaq və hissləri ilə mübarizə aparmaq iqtidarında deyil. Nəhayət onu içindən yeyən qəzəb üzə çıxır və uşaqların gözü qarşısında ailə ixtilafı baş verir.
Ana sakitləşdikdən sonra öz hiddətindən xəcalət çəkir və haqsız olduğunu, səbrini itirdiyini və hərəkətlərinə nəzarət etmək iqtidarında olmadığını uşaqlara izah etməyə çalışır. Lakin onun cəhdləri əbəsdir, çünki onun işlətdiyi sözlər artıq müəyyən reaksiyaya səbəb olmuş və məhvedici zəhər öz işini görməyə başlamışdır. Uşaq qəlblərinə səpilmiş inamsızlıq və məsuliyyətsizlik toxumları cücərtilər verəcək və alınan məhsul o qədər acı olacaq ki, onu təsəvvür etmək belə çətindir.

No comments:

Post a Comment