Şər insanlarla dostluq ruhu rahatsız edir, bədəni yorur və insanı tədricən dibsiz girdaba sürükləyir. Xeyirxah insanlarla dostluq isə qəlbi təmizləyir, ruhu yüksəklərə qaldırır, insanın xasiyyətini nəcibləşdirir.
Tərbiyə ilə bağlı bu əhəmiyyətli tərəfə daha çox diqqət yetirək: cinsi yetkinlik yaşına çatmış yeniyetmələrin onları tədricən düz yoldan sapdıran, tədrisdən uzaqlaşdıran və nəhayət, təəssüf doğuran kədərli sonluğa gətirib çıxaran “dostları” ilə qarşılıqlı münasibəti mənəviyyatın pozulmasının əsas səbəbidir.
Siz valideynlər evdə uşağın tərbiyəsi üçün əhəmiyyət kəsb edən bütün vacib məsələlərə və uşağı günahlardan qorumağa nə qədər diqqət yetirsəniz də, əgər uşaq pis qrupa düşübsə, sizin səyləriniz hədər gedəcəkdir və bir gün siz aşkar edəcəksiniz ki, illərlə ailədə səbrlə yaratdığınız, başqaları tərəfindən insafsızcasına dağıdılmışdır. Sizin ən önəmli valideyn borcunuz uşağa ailədən kənarda nəzarət etməkdir: sizin uşaqlar kiminlə ünsiyyət edir, evdən kənarda onun ünsiyyət dairəsi kimlərdən ibarətdir, bütün bu məsələlər sizi narahat etməlidir. Uşağın evdə nəzarət altında olması sizi arxayınlaşdırmamalıdır. Uşaqlarınızın dostları, onların tanışlıq dairəsi haqqında mümkün qədər çox bilməkdən ötrü lazım gələrsə vacib gündəlik işləri kənara qoyub, vaxtınızın bir hissəsini bundan ötrü ayırmalısınız. Əgər burada sizin rəhbərlik və köməyinizə ehtiyac olduğunu aşkar etsəniz, şəxsi təcrübə, sağlam düşüncə və valideyn intuisiyasına arxalanaraq düzgün həll yolunu tapmağa çalışmalısınız. Bu məsələdə mütəxəssislərin məsləhəti də sizə kömək edə bilər. Uşaqlarınızın yaşını və problemlərini yaddan çıxarmayın. Bir an gecikmək sizə çox baha başa gələ bilər, sərf etdiyiniz qüvvə və vaxt hədər gedər.
Bu çətinlikləri dəf etməkdən ötrü istənilən üsul və vasitədən istifadə olunmalıdır. Siz uşaqların dostluq münasibətlərinə bilavasitə təsir göstərməyə cəhd etməlisiniz. Onlara kömək etməli, pis qrupların çox zərərli təsirini onlara izah etməlisiniz. Bu problemin müzakirəsinə məktəb administrasiyasının üzvləri də cəlb edilməli və zəruriyyət yaranarsa, çətin tərbiyə olunan yeniyetmələrin sizin uşaqla əlaqəsinin kəsilməsinə nail olmalısınız.
No comments:
Post a Comment