Friday, September 30, 2016

LÜZUMSUZ SƏRTLİKDƏN ÇƏKİNİN


1. Ana uşağı əmizdirir. Əmizdirmənin öz psixi əhəmiyyəti vardır. Belə ki, anasının sinəsinə sıxılmış uşaq anadan istilik, sevgi və məhəbbət alır. Elə də olur ki, əmizdirilən vaxt uşaq hansısa narahatçılıqdan, məsələn, qarnının ağrısından döşü tuta bilmir və sızıldamağa başlayır. Narahatçılığın səbəbi vaxtında aradan götürülməzsə, uşağın sızıldaması qışqırığa keçir. Uşağın ağlaması valideyn üçün ən böyük sınaqlardan biridir. Özünü ələ almaq, uşağın hansı səbəbdən ağladığını səbrlə araşdırmaq, onu sakitləşdirmək əvəzinə, ana onu içinə almış qəzəbinə güc verir. O, uşağı şapalaqlayır və söyür. Əgər ağlama xeyli müddət davam edirsə, onu otaqda tək qoyur.
2. Uşaq danışmağı öyrənir. O, hər şeyə maraq göstərir, özünün qurtarmaq bilməyən “nə üçün”, “bu nədir” suallarını verir, anasının yanından əl çəkmir, kölgə kimi onun arxasınca gəzir. Ananın səbri tükənir. Bu arada uşaq evdə hər şeyi alt-üst edir və ana onu “səs-küyə” görə cəzalandırır.
3. Böyüklər bir yerə yığılıb, gülüb danışırlar. Onlar vaxtlarını şən və xoş keçirirlər. Yanlarında oturmuş uşaq onların hərəkətini diqqətlə izləyir. Söhbətin nədən getdiyini anlamadığı üçün o tez-tez böyüklərin sözünü kəsərək, onlara mane olur, söhbətə qarışaraq onu başa salmalarını və ya nə isə təkrarlamalarını istəyir. Böyüklər uşağı balaca və dərrakəsiz varlıq saydıqlarından onun hüquqlarını tanımır, onu söyüb təhqir edir və buradan uzaqlaşdırırlar. Uşaq öz aralarında danışıb-gülən, lakin ona münasibətdə qəflətən ciddilik və sərtlik nümayiş etdirən böyüklərin davranışdakı bu dəyişikliyi çətinki başa düşə.
Bu cür tərbiyə metodları uşaq üçün ağrılı və xoşagəlməzdir, bunlar ona iztirab gətirir. Onun zərif ürəyi hüzn içində olacaq, qəlbi isə qaralacaq. Şən və xoşbəxt böyümək əvəzinə bu cür ailələrin uşaqları öz uşaqlıq illərini kədər və ümidsizlikdə keçirir, daim qəm - qüssə duyurlar.
Əksər uşaqlar xoşbəxt üzlər və təbəssüm görür, şən gülüş səsləri eşidirlər; onlar rahat şəraitdə yaşayır, onların nəzərləri təbiətin gözəlliyindən zövq alır; onlar sərgi və mədəni mərkəzlərə baş çəkir, maraqlı və elmi kitablar oxuyur; onları çox yüksək pedaqoji səriştə ilə, etibarlı və yoxlanılmış metodlarla tərbiyə edirlər. Təəssüf ki, ətrafındakı insanlardan və valideynlərindən kobudluq və amansızlıqdan başqa heç bir şey görməyən başqa uşaqlar da var; onların gəzməyə yeri yoxdur, onların uşaq kitablarına, filmlərinə və əyləncələrə yolu bağlıdır və onlar öz həyatlarını məhbuslar kimi mənfur və qaranlıq həbsxananın dar və qaranlıq kameralarında keçirirlər.
Tənqid, məzəmmət, həddindən artıq tələbkarlıq uşağın şəxsiyyətinin inkişafına mənfi təsir göstərir və cəmiyyətdə zəif, xəstə, əsəbi, fiziki və ruhani qüsurları olan və həyata uyğunlaşmamış bədbinlərin meydana çıxmasına səbəb olur. Bu şəxslər tədricən cəmiyyəti içəridən dağıdır və ona ziyan vururlar.
Valideynlər, müəllimlər və tərbiyəçilər – bir sözlə, uşaqlarla əlaqəsi olan hər kəs aşağıdakıları bilməlidir:
1. Balaca uşaqlar duyğulara, emosiyalara, düşünmək və intelektual fəaliyyət qabiliyyətinə malikdirlər. Onlar böyüklərdən onunla fərqlənirlər ki, onların inkişafın başlanğıc mərhələsində olan qabiliyyətləri, təzə əkilmiş körpə ağac kimi, onu güclü küləkdən qoruyan, kökünə, budaq və gövdəsinə zərər vurmasın deyə nəzarətdə saxlayan təcrübəli bağbanın qayğısına ehtiyacı vardır.
2. Uşağın qəlbini etinasızlıq, diqqətsizlik və ona kömək etməkdən imtina etməklə sındırmaq, ona qarşı səbirsizlik göstərmək, onu çox sərt şəkildə töhmətləndirmək – ciddi səhv və böyük günahdır. Valideynlər uşağın göz yaşlarının və kədərinin səbəbkarı olmamalıdırlar.
3. Əgər uşaqlar valideynləri tərəfindən tez-tez təhqirə məruz qalırlarsa, onların ata və analarına məhəbbəti və bağlılığı nifrət və qisasçılığa çevrilir. Ailənin əsası zəifləyir, onun birliyi təhlükə altına düşür, uşağın emosional müvazinətinin və psixi sağlamlığının əhəmiyyətli amili – özünə inam hissi yox olur. Ailə üçün mənfi uşaq hisslərindən təhlükəli heç nə yoxdur.
4. Əgər valideynlər uşaqlarını səmərəli tərbiyə etmək və onları çatışmamazlıqlardan qurtarmaq istəyirlərsə, onlar pedaqoji qaydaları mənimsəmələridirlər və onlar üçün yalnız bir yolun – zorakılıq və amansızlıq yolunun açıq olmasına inanmamalıdırlar.
Şən ailə atmosferi – xoşbəxt təbəssüm, anlaşma, məhəbbət və bağlılıq - ən yaxşı tərbiyə vasitələridir. Nə üçün uşaqlar ağlamalı və kədərlənməlidirlər? Məgər xeyirxahlıq, ucadan gülüş və sevinc ifadə edən çöhrələr göz yaşından, qışqırıq və incilikdən daha yaxşı deyilmi? Gəlin bizim məsum balalarımıza yalnız sevinc və xoşbəxtlik gətirək.

No comments:

Post a Comment