Saturday, October 1, 2016

YADDAŞIN MƏŞQİ VƏ İNKİŞAF ETDİRİLMƏSİ


Uzun illər ərzində yaddaşın məşqi və inkişaf etdirilməsinin mümkünlüyü psixologiyanın əsas məsələlərindən biri olmuşdur. Yaddaşın təbiətin insana verdiyi xassə olmasına və onu möcüzəli şəkildə təkmilləşdirməkdən ötrü hazır reseptin olmamasına baxmayaraq, fizki və əqli gigeniyanın müəyyən qaydalarını gözləməklə yadda saxlamanı daha məhsuldar etmək mümkündür. Heç kim yaddaşı inkişaf etdirməyin mümkünlüyünü inkar etmir və onu mükəmmələşdirmək işini ümidsiz hesab etmir. Digər tərəfdən, hər bir insan daim öz yaddaşını inkişaf etdirməkdən ötrü addımlar atmalı və bəzi qaydaları gözləməklə çatışmamazlıqlardan qurtarmağa cəhd göstərməli, yaddaşın möhkəmliyini artırmalı və yadda saxlama və materialın təsəvvürə gətirmə prosesini yaxşılaşdırmalıdır. Yaddaşı təkmilləşdirməkdən ötrü çoxlu sayda tövsiyələr mövcuddur və onlardan ən vaciblərini nəzərdən keçirək.
1. Bir halda ki, yaddaşın normal fəaliyyəti ümumi fiziki sağlamlıqla bağlıdır, səhhətlə bağlı bütün məsələlərə, istər mərkəzi sinir sisteminin xəstəliyi, istərsə də həzmin pozulması və ya orqanizmin fəaliyyətində başqa istənilən pozulmalar olsun, nəzərdən qaçırılmamalı və qaydaya salınmalıdır.
Zehni əmək zamanı təmiz hava, görmə və eşitmənin gigeniyası, soyuqdəymə xəstəliklərinin vaxtında müalicəsi və profilaktikası, səmərəli qidalanma prinsipinin gözlənilməsi, sakit və dərin yuxu, açıq havada fiziki məşqlər, həmçinin narkotika və alkoqoldan imtina, şübhəsiz ki, yaddaşın fəaliyyətini yaxşılaşdırır.
2. İş masası sakit və rahat yerdə qoyulmalı, lazımi dərəcədə işıqlandırılmalıdır. Zehni əməyin düzgün təşkili diqqəti dərsin üzərində cəmləşdirməyə və dərs materialını möhkəm yadda saxlamağa kömək edir.
3. Oxuyarkən, yazarkən, istənilən yaradıcı fəaliyyət zamanı diqqətinizi gördüyünüz işin üzərində cəmləşdirməyə çalışın.
4. Kitabın bir hissəsini oxuduqdan sonra həmin hissənin qısa xülasəsini yazın, bu oxuduğunuz materialı yaxşı dərk etməyə kömək edər.
5. Hər hansı bir şeyi oxumazdan, yazmazdan və ya əzləbərləməzdən əvvəl işinizin əsas məqsədini müəyyən edin. Məsələn, əgər oxumağın əsas məqsədi əzbərləməkdirsə, ayrı-ayrı xüsusi detallara diqqət yetirin. Sizin qarşınızda əgər mətnin ümumi dərk edilməsi durursa, ayrı-ayrı detallara həddən artıq diqqət yetirməyə ehtiyac yoxdur.
6. Yorğunluq əlamətlərini hiss edən kimi məşğələlərə son qoyun.
7. Əzərbərlənəcək material iri həcmlidirsə, onu bir neçə günə bölün, belə ki, yaddaşı hədsiz yükləməyə ehtiyac yoxdur.
8. Mətni yadda saxlamaq tələb olunursa, onu hissələrə bölmədən tam şəkildə oxuyun və bir-neçə dəfə təkrar edin.
9. Hansı yaddaş tipinə sahib olduğunuza diqqət yetirin və materialın əzbərlənməsi məsələsinə imkanlarınıza uyğun olaraq yanaşın. Məsələn, əgər sizdə görmə yaddaşı yaxşı inkişaf edibsə, materialı vizual olaraq yadda saxlayın; əgər sizdə eşitmə yaddaşı üstünlük təşkil edirsə, onda mətni ucadan oxuyun və ya kiminsə onu oxumasına qulaq asın; özünüz hansısa hərəkəti edən zaman yaxşı yadda saxlayırsızsa, onda əzbərlənəsi mətni imkan daxilində bir neçə dəfə yazmağa cəhd edin.
10. Əzbərləməyə başlamazdan əvvəl mətni diqqətlə oxuyun və onu dərk etməyə çalışın, çünki birinci dəfədən səhv yadda saxlasanız, sonradan onu düzəltmək çətin olacaq.
11. Materialın yaxşı yadda qalmasından ötrü onun sözləri və ya mənaları arasında qarşılıqlı əlaqə, həmçinin materialın hissələri arasında məntiqi ardıcıllıq yaratmaq lazımdır.
12. Əzbərlənəsi şeyi yaddaşda möhkəmləndirməkdən ötrü, yadda saxlama təkrarsız mümkün deyildir. Bu zaman, əlbəttə, təkrarlama prosesi materialın dərk edilməsi və diqqətin onun üzərində cəmləşdirilməsi, həmçinin yadda saxlamaq arzusu ilə müşayiət olunmalıdır.
Bu məsləhətlər, sizə yadda saxlamanı daha məhsuldar etməyə və əqli qabiliyyətlərinizi inkişaf etdirməyə kömək edəcəkdir.

No comments:

Post a Comment