Friday, September 30, 2016

ƏSƏBİLİK


Uşaqlarda təcavüzkarlıq və dəlisovluq özünü göstərə bilər. Lakin müəllim uşağı sındırmağa çalışırsa, onun xarakterindəki mənfi keyfiyyətlər hər dəqiqə artır.
Balaca uşaqlar bu və digər dərəcədə bir anda hiddətlənməyə meyillidirlər və bununla üzləşən analar hədsiz dərəcədə əziyyət çəkirlər. Analar bəzən çaşıb qalır, tədbir görməyin və yaranmış vəziyyətdən çıxmağın yollarını tapa bilmirlər.
Uşaq hələ öz hisslərini idarə etməyi bacarmır. O, tərslik edir, sızıldayır, sonra ayaqlarını yerə döyməyə və oyuncaqlarını döşəməyə atmağa başlayır. Təşvişə düşmüş ana onu sakitləşdirməyə çalışır və yumşaq tərzdə ondan soruşur: “Sən nəyə görə qışqırırsan? Nə baş verdiyini mənə niyə demək istəmirsən?”. Lakin onun xeyirxahlığı və şəfqəti uşağın hiddətini daha da artırır. Ana uşağa “soyumağa” imkan verməyərək, sorğu-sualını davam etdirir və ağlamağının səbəbini öyrənməyə cəhd edir. Öz davranışını necə izah edəciyini bilməyən uşaq ağlına gələn birinci fikri söyləyir: “Mən portağal istəyirəm”. “Axı sən bilirsən, evdə portağal yoxdur” – deyə, ana onu dilə tutmağa çalışır, - “qoy atan gəlsin gedib portağal alarıq”. Anasının onun arzusunu həmin an yerinə yetirə bilməyəcəyini çox yaxşı bilən uşaq, bununla belə öz dediyində təkid etməkdə davam edir. İstədiyini ala bilməyən uşağın hiddəti bir qədər də şiddətlənir və yerinə yetirilə bilməyən daha nə isə tələb edir və s. Nəhayət, səbri tükənmiş və əsəbləri son həddə qədər gərilmiş ana uşağın üstünə qışqırmağa və onu şapalaqlamağa başlayır. Bununla da o səhvə yol vermiş olur. Fiziki cəza və qorxutma – uşağın özündən çıxma halları ilə mübarizədə ən səmərəsiz vasitədir. Bundan sonra bu hal tez-tez təkrarlanmağa və uşağın tərslik və təcavüzkarlığının daha kəskin şəkildə özünü göstərməsinə səbəb ola bilər.
Uşaq gecənin bir vaxtı yuxudan oyanıb anasından su istəyir. Ana ona tərəf bir fincan su uzadanda, o soruşur: “Suyu haradan gətirdin, krandan yoxsa soyuducudan?”. “Krandan. İç və çox danışma. Sən məni yatmağa qoymursan”, - ana cavab verir. Onun sözləri uşağın əsəb tutmasına səbəb olur: “Bu su istidir. Mən soyuq su istəyirəm”. Ana bir söz deməyərək, fincanı ondan alır və istədiyini ona gətirir. Lakin fincanı dodaqlarına toxundurmamış, uşaq qəzəblə qışqırır: “Su niyə belə soyuqdur? Məgər içməyə belə soyuq su verərlər? Məni xəstələndirmək istəyirsən”. “Səsini kəs! Sən özün nə istədiyini bilmirsən. Bu su soyuducudandır. Sən özün soyuq su istədin” – özünü güclə ələ alan ana cavab verir. Lakin ananın oğlunu qane etmək cəhdləri onun qəzəbini daha da artırırdı. “Mən bu suyu içmək istəmirəm. Onun dadı yoxdur” – o, göz yaşları içində qışqırmağa başlayır.
Uşaqlarda hirslilik, hiddət, inadcıl itaətsizlik müxtəlif səbəblərdən yaranır. Belə ki, bəziləri geyim, digərləri qida, bəziləri isə onlara irad tutanda və yaxud valideynlərinin hər hansı konkret hərəkətindən hiddətlənir, əsəbilik nümayiş etdirirlər. Lakin əksər hallarda uşaqlarda bu cür davranışların səbəbi aşağıdakılarla əlaqədardır:
1.Zəif inkişaf etmiş (məsələn, düzgün qidalanmamaq səbəbindən), hədsiz həssas və çox tez təsirlənən uşaqlar başqalarından fərqli olaraq daha tez hiddətlənməyə meyillidirlər. Onlar asanlıqla inciyir, əsəbləşir, kobud rəftarı qəbul etmir, ən kiçik narahatçılığa dözmür, tez-tez arzuolunmaz hərəkətlərə yol verirlər. Hirslilik və özündən çıxmalar xroniki xəstəliklərin yaranmasına, emosional pozulmalara və başqa mənfi fəsadlara gətirib çıxara bilir.
2. Düzgün olmayan valideyn mövqeyi də güclü emosional reaksiyalara, özündən çıxmalara və əsassız qəzəbə səbəb olur. Məsələn, valideyn uşağın bütün hərəkətlərinə göz yumur, onun istənilən arzu və şıltaqlığını yerinə yetirməyə tələsirsə, bununla da uşaqda sərbəstliyin formalaşmasına mane olursa, onda o, təbii ki, hirsli və özündən tez çıxan kimi böyüyəcəkdir. Bu cür uşaqlarda ərtafdakı insanlar üzərində hökmranlıq etmək meyli yaranır. O, özünə qarşı xüsusi diqqət tələb edir, ən yaxınlarına hətta zülm etməkdən belə çəkinmir. Onu da demək lazımdır ki, ərköyün uşaq – həyat onun istəklərinə tabe olmadığına görə daim əsəbilik keçirən uşaqdır.
Hisslərin coşğun və qarşısıalınmaz təzahürünə meyllik çox zəif emosional reaksiyalar kimi valideynləri narahat etməli və onlarda bunları yaradan səbəbi bilmək istəyi yaratmalıdır.
Biz öz növbəsində valideynlərə aşağıdakılara diqqət yetirməyi məsləhət bilirik:
1. Fiziki cəhətdən zəif, tez əsəbləşən, öz-özünə hirslənən uşaq mütəxəssisə göstərilməli və əgər lazımsa psixiatrın yanında müalicə kursu keçməlidir. Bu ona bir qədər sakitləşməkdə kömək edər. Tez təsirlənən uşaqlara ailə daxili gərginliklər və konfliktlər xüsusilə ziyanlıdır. Bu cür uşaqlara sakit, həlim və xeyirxahlıqla yanaşılmalıdır. Onların tibbi müalicəyə daha çox ehtiyacı var, nəinki cəza və ciddi intizama. Ciddi tədbirlər onlara nə fayda verir, nə də onları əsəbililikdən qurtarmaq gücündədir. Əksər valideynlər öz uşaqlarının həyəcanına və emosional reaksiyalarına əhəmiyyət vermirlər. Bununla da özləri üçün gələcəkdə “bir ümman göz yaşı” hazırlayırlar. Yoluxucu xəstəlik bütün bədənə yoluxmamış onunla mübarizə aparıldığı kimi, uşağın hissləri də tərbiyə olunmalı, mənfi olanlar ləğv edilməli və bütün müsbət olanlar isə möhkəmkləndirilməlidir.
2. Valideynlər uşağın şıltaqlığı ilə oynamamalıdırlar, nizam-intizamın saxlanması onlardan qətiyyət tələb edir. Uşaqlar valideynlərinin reaksiyasına çox həssasdırlar. Valideynlərin qəti mövqeyi qarşısında uşaq tədricən özünü ələ almağı öyrənəcək və başa düşəcək ki, onun bütün arzuları heç də həmişə yerinə yetməyə bilər, göz yaşları və fəryad etmək mənasızdır və valideynlər onun şıltaqlıqlarına əhəmiyyət vermirlər. Əgər uşaqda hirslilik, tez özündən çıxmalar və hədsiz həssaslıq azalmırsa, valideynlər uşaq psixoluquna müraciət etməlidirlər. Çünki arzuolunmaz davranışın həqiqi səbəbi xroniki xəstəliklər və əqli pozuntular da ola bilər.

No comments:

Post a Comment