Friday, September 30, 2016

PAXILLIQ VƏ RƏQABƏT


Bir çox ailələrdə uşaqlar arasında rəqabət, məzəmmət, qərəzkarlıq ruhu hakimdir. Ana böyük qızına paltar tikir, kiçik qız kifayət qədər paltarının olmasına baxmayaraq, ona da paltar tikilməsini istəyir. Ata kiçik oğluna ayaqqabı almışdır, böyük oğul ona qarşı da bu cür qayğı göstərilməsini tələb edir.
Siz yəqin ki, şirniyyat və ya meyvəni bölən anaya diqqətlə göz qoyan uşaqları müşahidə etmisiniz. Onlar baxırlar ki, kiməsə az və ya çox çatmasın. Hətta paylarını alandan sonra da onlar verilənlərin bərabər olduğuna və “ədalətin” gözlənildiyinə əmin olmaqdan ötrü müqayisə edir, təkrar sayır, ölçür və ya çəkirlər.
Əgər biz ədalət deyəndə, ədalətli tələblər irəli sürən kəslərə, onların məqamı, yaşı, intellektual qabiliyyəti və başqa keyfiyyətləri nəzərə alınmaqla onlara hüquqların inzibati verilməsini başa düşürüksə, müraciətlərində tam bərabərlik tələb edən uşaqlar ədalət anlayışına bəzən tamamilə başqa məna verirlər. Ona görə də onlar xudbinlik və məncillik nümayiş etdirir, hər şey haqqında öz nöqteyi-nəzəri ilə mühakimə yeridir, öz davranışlarını hamıya nümunə hesab edirlər.
Bunun səbəbi kifayət qədər aydındır: uşaqlıq çağında insan təbii instinklərlə hərəkət edir, sağlam düşüncə və məntiqi mühakimə yalnız təzə-təzə özünü göstərməyə başlayır. Şüurlu rəqabət, daha çox öyrənmək, biliklər əldə etmək, dünya görüşünü genişləndirmək, böyük qardaş və bacılarından geri qalmamaq istəyini yalnız alqışlamaq olar. Lakin əgər rəqabət nifrət və düşmənçilik mənbəyinə çevrilirsə, ailədə şübhəçilik, inamsızlıq və mühahisə yaranırsa, şübhəsiz ki, bu olduqca pis və təhlükəli haldır. Çünki bunlar uşaqların davranışında əyrintilərin yaranmasına səbəb olur. Böyüdükcə onlarda tədricən ancaq özünə məhəbbət, eqosentrizm və qanısoyuqluluq kimi mənfi keyfiyyətlər üzə çıxır.
Rəqabətin qarşısını almaqdan və evdə xeyirxahlıq, əmin-amanlıq və qarşılıqlı anlama atmosferi yaratmaqdan ötrü biz sizə iki yanaşma təklif edə bilərik.
1. Təəssüflər olsun ki, əksər valideynlər uşaqlarına münasibətdə özlərini qeyri-bərabər aparırlar. Onlar uşaqlardan birinə daim məhəbbbət və bağlılıq, digərinə isə narazılıq və soyuqluq nümayiş etdirirlər. Ata və ya ananın bir uşağı digərlərindən necə ayırdığını, onu öz “istəklisi” etdiyini, ona hədsiz diqqət göstərdiyini, digərinə qarşı isə özündən kənarlaşdırma mövqeyində durduğunu həyatda tez-tez görmək mümkündür. Valideynlərin tərbiyə məsələlərində bu cür düşünülməmiş yanaşmasının birbaşa nəticəsi paxıllıq hissinin və bacı-qardaşlar arasında qeyri-sağlam rəqabətin yaranmasına gətirib çıxarır ki, bu da tədricən nifrət və düşmənçiliyə kimi böyümə təhlükəsini yaradır.
Məsələn, ata evə qayıdır və başqa uşaqlara diqqət yetirmədən, öz sevimlisinə tərəf gedir, etdiyi hərəkətin fəsadları haqqında düşünmədən onu qucaqlayır, öpür, ona hədiyyələr bağışlayır, bununla da uşaqlar arasında qısqanclığın səbəbkarı rolunda çıxış edir. Əgər bu vaxt burada qərəzsiz müşahidəçi iştirak etmiş olsa idi, o, uşaqların üzündə atanın bu cür ədalətsiz davranışına qarşı məzəmməti oxuya bilərdi. Aşkar görünür ki, atanın qəbahətli davranışı onların ürəyində nifrət və narazılıq alovunu alışdırmış, bir-birinə qarşı rəqabət hissi oyatmışdır.
Hər şey ata və ananın öz tərbiyə prosesini necə qurmasından asılıdır. Valideynlər bütün uşaqlarına onların yaşına uyğun olaraq kifayət qədər diqqət yetirməli, onların qabiliyyətlərini və dərrakəsini tərifləməli, onların marağını və istedadını rəğbətləndirməlidir. Əgər ədalət gözlənilirsə, uşaqlara eyni münasibət bəslənilirsə, hər bir uşağın hüququ qorunursa və hamı öz hərəklərinə görə məsuliyyət daşıyırsa, onda uşaqlar biləcək ki, onların ailədə vəziyyəti sabitdir və onlara münasibətdə ayrı-seçkilik yoxdur.
Ata və ana ailənin başçıları, uşaqlar isə ailənin bərabər hüquqlu üzvüləridirlər.Ədalətli hökumət hər bir vətəndaşın hüquqlarına təminat verdiyi və bu zaman bütün vətəndaşlar bərabər hüquqlara malik olduğu kimi, uşaqları tərbiyə edən valideynlər də öz “balaca dövlətlərinin” qanunlarına əməl etməlidirlər; uşaqlarda qısqanclıq hissini aradan qaldırmalı, uşaqlar arasından kiməsə üstünlük verməməli, öz məhəbbət və bağlılığını bütün uşaqlar arasında bərabər şəkildə paylamalı, hər birinin status və mövqeyini qorumalıdırlar.
2. Valideynlər əlverişli məqamdan istifadə edib, uşaqlara onların hər birinin ailədə yaşına, dərrakəsinin səviyyəsinə, qabiliyyətinə və biliklərinə uyğun olaraq xüsusi yeri olduğunu izah edə bilərlər. Məsələn, böyük qardaş balaca qardaşdan böyük və güclü olduğuna və ondan daha çox iş görə bildiyinə görə onun qidaya tələbatı daha çoxdur və s.
Valideyn bütün uşaqlarını eyni bərabərdə sevməli və onların hamısına eyni gözlə baxmalı, hamısı onun üçün dəyərli və əvəzsiz olmalıdır. Dərrakəli valideynlərin diqqəti bütün uşaqlara qarşı eyni bərabərdə olsa da, hamısı ilə eyni cür rəftar etmək mümkün deyildir, çünki uşaqların yaşı, təcrübəsi, təfəkkür səviyyəsi, qabiliyyəti və əlbəttə, ailədə vəzifələri müxtəlifdir. Əgər uşaq əmin olsa ki, onun üçün valideyn qəlbində etibarlı yer vardır, valideynin başqa ailə üzvlərinə qarşı yaxşı münasibəti onu narahat etməyəcəkdir. Əgər valideynlər bütün uşaqların qayğısına qalıb, onları səmimi sevərsə, uşaqlar arasında paxıllıq və rəqabəti dəf etmək mümkün olar.

No comments:

Post a Comment