Friday, September 30, 2016

ANANIN LƏYAQƏT HİSSİ


Rəhimdil, xeyirxah və şəfqətli ana uşaqlarla həmişə mehriban danışır, uşağın qəlbini ox kimi dəlib keçən kobud danışığa deyil, həlim və sakit danışıq tərzinə üstünlük verir. Uşağa təlim-tərbiyə verərkən və onu həyatda istiqamətləndirərkən, ana həmçinin öz ləyaqətini itirməməkdən ötrü daim tədbirlər görməlidir. Heç bir halda ana özünü uşaqların qarşısında alçaltmamalı və onların ağılsız tələblərinə yol verməməlidir. Əgər ana uşağın əsassız və eqoist şıltaqlıqlarına tabe olarsa, o, ananın ondan qorxuduğunu, ona daha çox yarıtmağa çalışdığını və onun bütün tələblərini yerinə yetirməyə hazır olduğunu düşünəcək.
Atalara ananın ləyaqətinin alçaldılmasına yol verməməyi tövsiyə edirik. Uşaqların gözündə onun əhəmiyyəti qiymətdən salınırsa, ailənin nizama salınmış həyatı yolunu azacaq, bu balaca ölkədə xaos hökm sürəcək və heç bir qüvvə orada sülh və əmin-amanlığı bərpa etmək qüdrətində olmayacaqdır.
Həmçinin ana ailədə öz məqamını və ləyaqətini saxlamaqdan ötrü heç vaxt amiranə, sərt və məntiqsiz tələblər irəli sürməməlidir. Eyni zamanda o, uşaqlarının ağılsız tələblərinə də güzəştə getməməlidir. Mötədillik yolu ilə hərəkət etməklə bu iki əks ifratçılıqdan qaçmaq mümkündür. Əgər ana uşaqların nəzərində öz ləyaqətini itirib, gülüş obyektinə çevrilibsə, onların təlim-tərbiyə prosesinin üzərinə heç zaman xoşbəxtlik işığı düşməyəcəkdir.
Həyatdan götürülmüş bir nümunəyə baxaq. Beş yaşlı oğlan səhər yuxudan oyanır və gözlərini açmağa macal tapmamış qışqırmağa, anasını çağırmağa başlayır. Ana əlindəki işləri kənara atıb, onun yanına tələsir, narahat halda soruşur: “nə olub sənə, mənim balam?” Uşaq gözləri yaşlı halda şıltaqlıqla deyir: “Mən yerimdən durmaq istəmirəm, səhər yeməyini bura gətir!”. Onun tələbi anada bir qədər narahatçılıq yaradır və o, həlimliklə onu ələ almağa cəhd edir: “Mənim balam, sən əvvəl ayağa durmalısan, əl-üzünü yumalı, sonra stol arxasında səhər yeməyini yeməlisən. Zəhmət olmasa, yerindən qalx”. Onda uşaq yenə hücuma keçir, qışqırmağa və ağlamağa başlayır: “Dedim, axı, yatağımdan durmayacağam! Səhər yeməyimi burada yeyəcəyəm!”. Ana ağılsız tələbə müqavimət göstərsə də, uşaq uğurla onun müqavimətini bağırtının köməyi ilə qırır. Nəhayət ana oğlunun tələbini yerinə yetirməyə razı olur: “Yaxşı, yaxşı. Amma ağlama. Mən indi səhər yeməyini gətirərəm”. Bir neçə dəqiqədən sonra ana əlində içində səhər yeməyi olan məcməyi ilə geri qayıdır.
Bu hadisədə hər bir detalın hərtərəfli təsvirini vermək mümkündür. Lakin işin mahiyyətindən müxtəsər danışsaq. Uşaq qaydalara məhəl qoymur, şəxsi intizamı gözləmir, köməksiz ana isə oğlunun hər cür şıltaqlığına göz yuman asılı vəziyyətdədir.
Tələbləri nə qədər hiddət doğuran olsa da bütün gün ərzində o, anasını qulluqcu rolunda çıxış etməyə məcbur etməklə daim istədiyinə nail olacaqdır. Ananın düşdüyü vəziyyət hətta kənar müşahidəçidə belə təəssüf doğurmaya bilməz. Nahar zamanı oğlan su içmək istiyərkən, özünə əziyyət verib qarşısındakı qrafindən stəkana su töküb içmir, o mütləq barmağı ilə stəkanı göstərməli, ana isə onun istəyini dinməzcə yerinə yetirməlidir. Allah eləməmiş, ana onun bu işarəsinə diqqət yetirməyə və suyu stəkana tökməyə. Bağırtı və qışqırıq səsləri otağa yayılacaq və uşaq yenə barmağı ilə boş stəkanı göstərəcəkdir.
Oğul özünü vəziyyətin ağası kimi hiss edir, anaya qulluqçu kimi göstərişlər verir, onu istədiklərini yerinə yetirməyə məcbur edir.
Bir dəfə mən balaca oğlanın anasının üstünə qışqıraraq, otaqdan çıxmasını tələb etməsinin şahidi oldum. Uşaq ananın otaqdan çıxmadığını görəndə, onu qəzəblə yumruqlamağa başladı. Oğlunun hücumlarına baxmayaraq, ana onunla yumşaq səslə danışmaqda davam edirdi. Bununla da onun pis davranışına yol verir və oğlunun istibdadına tabe olurdu.
Bir daha qeyd edək ki, analar uşaqlara qarşı təkcə qəzəb və əmiranilik deyil, həmçinin alçalma, məzlumluq, itaətkarlıq nümayiş etdirməməlidirlər. Mülayimlik və mehribanlıq, qürur, ağıllılıq, ləyaqət, özünə hörmətlə bir yerdə olmalıdır və bütün bunların mötədilliyi gözlənilməlidir.

No comments:

Post a Comment